Şuşa, bu il əsirliyinin 22 ili tamam oldu. Düz 22 ildir ki, düşmən əsirliyində, təlaş və iztirablar içində azad olunacağın günü gözləyirsən. Düz 22 ildir ki, hər açılan səhər, hər düşən axşam səni öz ümidindən bir az daha uzaqlaşdırır, bir az daha küsdürür bizdən. Sənin əsirliyin damarlarında türk qanı axan, ruhunda bozqurd harayı yaşadan hər kəs kimi məni də ağrıdır Şuşa. Amma bununla belə, sənə bu əsirliyə görə həm də gözaydınlığı vermək istəyirəm Şuşa. Niyəsini indi deyəcəm sənə, amma öncə təbriklərimi, qarşığa bənzər alqışlarımı qəbul et Şuşa. Əsirliyin mübarək olsun!
Əsirliyinə şadam Şuşa! Şadam ki, eynən sənin kimi əsir olan bizlərin çəkdikərini çəkmirsən. Şadam ki, sənin küçələrində adını azərbaycanlı qoyub Azərbaycan adına kiprik belə tərpətməyən yüz minlərlə məqsədsiz, amalsız insan sürüsü dolaşmır. Şadam ki, aylı-ulduzlu gecələrində qədim küçələrindən qəlblərə şəhvət və ehtiras toxumu səpən bar və diskotekaların səsi eşidilmir. Şadam ki, qəlbin milli əsarətin erməni gülləsindən daha artıq yandırıb-yaxan acısı ilə tanış deyil. Şadam ki, İsa bulağında milyonlarla insanın haqqını yeyən harınlamış məmurların eyş-işrət məclisləri qurulmur. Şadam ki, zülmət gecələrindən aclıqdan, hüquqsuzluqdan, sosial ədalətsizlikdən intihar edən şəhid yaxınlarının narahat ruhları boylanmır. Şadam ki, yolların harın məmur övladlarının “CİP”ləri altında qalıb əzilən məzlum insanların al qanına boyanmır. Şadam ki....
Sənin əsirliyinin məni şad edən tərəfləri çoxdur Şuşa. Bələ də mənim bu sevincim sənə qəribə, hətta ikrahedici gəlir. Amma mən sənin bir boyunduruqdan çıxıb başqa bir boyunduruğa düşməyini arzulamıram Şuşa. Axı sən də bilirsən Şuşa, köləlik də ilan kimidir, onun yaxşısı-pis olmur. Bütün köləliklərin ən pisi isə daxili köləlik, daxili əsarətdir. Odur ki, əsirliyini bayram et Şuşa, köləliyinin qədrini bil. Unutma ki, sənin əsirliyin bizim formal, yalançı, alçaldıcı azadlığımızdan daha anlamlıdır.
Sənin bu gün erməni əsarətindən azad olmağın nə sənə, nə də bizə yaxşı heç nə gətirməyəcək Şuşa. Əksinə, sən son 22 ildə olduğundan daha bədbəxt olasan. Çünki bu azadlıq sənin bütün gözəlliklərini səni hər kəsdən daha çox sevən, sənin uğrunda ölməyə hazır olan bütün insanların üzünə bağlanacaq Şuşa. İsa bulağı, Cıdır düzü, Topxana meşəsi və daha onlarla gözəl məkanın nazir-oliqarxların özəl mülkiyyətinə, şəxsi istirahət mərkəzinə çevriləcək. Vaxtiylə sənin azadlıq, genişlik, sonsuzluq rəmzi sayılan Cıdır düzündə dayanıb ənginliklərə baxmaq bütün sıradan övladların üçün mümkünsüz olacaq. Sənin azadlığın sənə bunu bəxş edəcək insanların heç birini sevindirməyəcək Şuşa. Sən bu azadlıqla sənə bağlı olan ürəkləri, biz isə xəyallarımızın şəhərini itirəcəyik.Mən əminəm ki, sənin hələ düşmən əlində olan torpağın xəritə üzərində məmurlarımız tərəfindən çoxdan bölüşdürülüb Şuşa. Adı doğma ürəyi yad onlarla “millət atasının” özlərinə harda villalar inşa etdirəcəyi, neçə sot, neçə hektar torpağa sahib olacağı artıq çoxdan müəyyənləşdirilib. Lakin mən sənin pak torpağında oğurluq pullar hesabına milyonluq saraylar tikilməsini istəmirəm Şuşa. İstəmirəm ki, sənin torpaqların varlı mülklərinə məxsus qala divarlarına bənzər hasarlarla yüzlərlə yerə bölünsün. Sənin əzəmətin sənin sadəliyində, hər kəsə eyni sevgi ilə qucaq açmağında idi Şuşa. Sənin yasaq gözəlliklər şəhərinə, yalnız bir qrup insanın zövq və səfa məkanına çevrilməyini istəmirəm. Bu, məni sənin indiki əsirliyin qədər ağrıdar Şuşa.
...Sənin azadlığın bizim hər birimizin qeyrət və şərəf borcudur Şuşa. Lakin bu gün bu borcun önəmini anlayan insanların sayı sənin düşündüyündən də azdır. Çünki bu gün şüurlarda, qəlblərdə səndən daha uca, səndən daha müqəddəs tutulan çox şey var Şuşa. Odur ki, bizi nə bu gün, nə də sabah gözləmə. Bəlkə nə vaxtsa bir gün... Bələ də heç vaxt...
Əsirliyinsə mübarək olsun Şuşa! Bu, mənim indi, bu nöqtədə sənə həqiqət adına deyə biləcəyim yeganə sözdür. Arzuya gəlincə, sənə tamıtamına bir azadlıq arzulayıram Şuşa. Elə bir azadlıq ki, adından, qiyafəsindən, cildindən asılı olmayaraq heç bir köləliyin əli onun zirvəsinə yetişməsin.
Seymur Əliyev
e-mail: [email protected]