BAXCP sədrinin məlum açıqlamasına Sərdar Cəlaloğlu münasibət bildirməsəydi, bəlkə də istədikləri fikri ictimai rəyə gətirmək üçün hələ onlarla açıqlama, müsahibə və daha nələr etməli idilər. Cəlaloğlunun kiçik bir münasibəti kifayət etdi ki, Qüdrət Həsənquliyev son həftənin mətbuatında adı ən çox çəkilən deputat olsun. Ağıllı partiya funksionerləri, əlbəttə ki, bundan sevinməli, ən azından onlara bu yaxşılığı etmiş şəxsi tərbiyələrinə uyğun təhqir etməyə qalxmamalı idilər. Amma və nə yazıq ki, belə olmadı...
Gəlin mövzuya bir də nəzər salaq. Beləliklə nə deyib Qüdrət Həsənquliyev. Sitat: “Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılaşdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin.”
Bu da Sərdar bəyin cavabı. Sitat: “Təəssüf edirəm ki, yaxın dostum Qüdrət Həsənquliyev bu cür mövqe sərgiləyir. Millət vəkilinin belə çıxışı məsuliyyətsizlikdir. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan “Beşinci kolon” məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə açıqlamaları həmin “Beşinci kolon”un mövqeyidir. Azərbaycan müstəqil dövlətdir. Heç bir hərbi bloka qoşulmayıb. Öz ərazisində heç bir xarici gücü, xüsusilə onu iki yüz il işğalda saxlayan bir dövlətin hərbi qoşununu saxlaya bilməz.” (hər iki sitat musavat.com saytından götürülüb.)
Məsələ türklər demiş, bu qədər bəsit, yəni. İndi hörmətli BAXCP funksionerləri şineli başlarına keçirib, qələmi süngüyə çevirib, haydı döyüşə əmri ilə səngərə keçib kimə nə isbatlamaq istəyirlər, bəlli deyil. Sədrləri Rusiya qoşununu ölkəmizdə yerləşməsinin mümkünlüyünü dilə gətirib də. Bunu danmaq istəyirlərsə, açıqca desinlər ki, hörmətli Q.Həsənquliyev səhv edib, bilmədən dilindən belə bir ifadə çıxardıb. Daha dağa daşa düşüb, köhnə palan içi tökməyin nə mənası var?!
Bəli biz bilirik ki, hörmətli BAXCP-çılər vaxtilə cəbhəçi olublar. Onları istiqlal tərəfdarı, suverenlik uğrunda mübariz kimi tanıdığımıza görədir ki, sədrlərinin açıqlaması bizi təəccübləndirdi və narahat olduq. Yoxsa eyni fikri kommunistlər çoxdan deyir, onlara baş qoşan varmı? Yeri gəlmişkən indiyədək BAXCP-nin adındakı “bütöv” sözünün bu sözdən sonra gələn xalq cəbhəsi ifadəsinə aid olduğunu güman edirdim. Amma funksionerlərinin alovlu intervülərindən bu bütövlüyün Azərbayacana aid olmasını öyrəndim və açığı çox şad oldum. Amma məntiqsizliklərinin də fərqindəyəm. Bütöv Azərbaycan istəyən əziz qardaşlarım, bunu rus qoşununun köməyi iləmi eləmək fikrindəsiniz?! Sizə daha nə deyim ki, bu fikrinizin yanlış və zərərli olduğunu başa düşüb, haylı küylü intervülərlə daha da dərindən palçığa batmayasınız?!
S.Cəlaloğlunu qeyri etik davranmaqda suçlayırlar. Yuxarıdakı sitatdan Sərdar bəyin sizinlə necə etik davrandığı görünmürmü? “Yaxın dostum” ifadəsi yoxsa sizə qeyri etik kimi görünür, əziz partiya funksionerləri?
Bəli mən istisna etmirəm ki, Qüdrət bəyin açıqlamasından məqsəd Avropalıları qıcıqlandırmaq, Qarabağ məsələsində onlara ruslar vasitəsilə sadə dillə desək xox gəlməkdir. Amma bunu niyə məhz indi, Rusiyanın qudurub Ukraynaya girdiyi, bütün qonşuları ilə tam hədə dili ilə danışdığı vaxtda etməyiniz şübhə yaradır axı. Bir az öz qılafınızdan kənara boylanıb düşünsəydiniz, sədrinizin açıqlamasının istiqlal tərəfdarlarında narahatlıq doğurmasından daha təbii bir şey ola bilməməsini anlamış olardınız.
Belə belə işlər, cənab BAXCP-li qardaşlarım! Siyasət əsəb gərginliyi və ciddi şəkildə düşüncə tələb edən, bəzən həddindən artıq emosiya, bəzən də eyni dərəcədə intellekt, soyuqqanlılıq tələb edən sahədir. Gərginliyinizdən, emosional və narahat davranışlarınızdan, son açıqlamalarınızdan anlaşılır ki, siz həqiqətən də rus qoşunlarının ölkəmizə gəlişini ürəkdən istəmirsiniz. Sadəcə siyasət işlədirsiniz. Elə bizim də məqsədimiz bu idi ki, ruslar başa düşsünlər ki, siz bu məsələdə ciddi deyilsiniz. Başqa sözlə desək, bu bir zarafat olub. Avropa və ABŞ-ın acığına olan bir zarafat. Olub və keçib. Daha “səngər”də çox yubanmayın...
Həsrət Rüstəmov
ADP sədrinin I müavini