Milli Məclisin mayın 2-də keçirilən iclasına ANS TV-nin parlament müxbiri buraxılmayıb. Lent.az-ın məlumatına görə, telekanalın operatoru içəri buraxılsa da, ANS TV-nin əməkdaşı Ləman Ələşrəfqızı MM-in binasına buraxılmayıb.
Xanım jurnalistə onun adının siyahıdan çıxarıldığı bildirilib. Ancaq bunun səbəbi ona açıqlanmayıb.
Hadisədən sonra Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu ANS-in müxbiri Ləman Ələşrəfqızının Milli Məclisin iclasına buraxılmaması barədə yayılan məlumata münasibət bildirib.
“Aktual.az”a açıqlama verən A.Təvəkküloğlu “Ləman Ələşrəfqızının Milli Məclislə bağlı jurnalist fəaliyyəti bizi qane etmir” deyib.
Onun sözlərinə görə, ANS TV-nin müxbirinin Milli Məclisə buraxılmaması barədə yayılan xəbərlər əsassızdır: “Bunun bizə aidiyyatı yoxdur. Sadəcə olaraq, ola bilsin ki, özü gəlməyib və ya hansısa bir hadisə baş verib”.
Akif Təvəkküloğlu sonda onu da vurğulayıb ki, ANS-in əməkdaşları Milli Məclisin iclaslarında iştirak etmək üçün akkreditasiyadan keçirilib: “Hesab edirəm ki, bu məsələdə heç bir problem yoxdur. Ona görə də, bu məsələni şişirtmək lazım deyil”.
“Qafqazinfo” xəbər verir ki, bütün bunlarla bağlı rəyini öyrənmək üçün Müsavat.com Ləman Ələşrəfqızı ilə əlaqə saxlayıb
“Açığı mən bu haqda danışmaq istəmirəm” - deyən, xanım jurnalist dünən hazırladığı süjetinin birinci cümləsindən onun Milli Məclisə gedib, geri qayıtmasının məlum olduğunu bildirdi: “Mən parlament müxbirlərinin fəaliyyətinin də deputatların fəaliyyətindən fərqli olduğunu zənn etmirəm. Su axıb, çuxurunu tapıb. Mən ora yad planetdən düşmüşdüm”.
Qeyd edək ki, Ləman Ələşrəfqızı parlamentin ötən iclasında deputatların bir-birlərinin və MM-ın aparat əməkdaşının deputatların əvəzinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı.