Prezident İlham Əliyevin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Praqa keçirilən beynəlxalq tədbirdə Türkiyənin müdafiəsinə qalxaraq Sərkisyanın ittihamlarını rədd etməsi həm Azərbaycan, həm də Türkiyədə ciddi rezonansa səbəb olub. Hər iki ölkədə milyonlarla insan İ.Əliyevin Praqa açıqlamasını əsl fədakarlıq, əsl türk təəssübkeşliyi kimi qiymətləndirərək onu türk dünyasının ən böyük mübarizi kimi xarakterizə etməkdədir. Halbuki, İ.Əliyevin Praqa sammitindəki bu çıxışı nəinki ən xırda qəhrəmanlıq elementindən məhrumdur, həm də bir çox baxımdan gülünc və ucuz piar təşəbbüsüdür.
Birincisi, ona görə ki, Türkiyə Azərbaycan qədər zəif və çarəsiz bir dövlət olmadığı üçün onun Ermənistan kimi öz çulunu sudan çıxarda bilməyən bir dövlətdən müdafiə olunmaq dərdi kimi bir problemi yoxdur. Türkiyə lazımi məqamda Rusiya və ABŞ-ın belə ziddinə getmək cəsarəti sərgiləyən bir dövlətdir. Məhz bu səbəbdən də İ.Əliyevin Sərkisyana Türkiyə dövlətinin müdafiəçisi statusunda etiraz etməsinə heç bir lüzum yox idi.
İkincisi, Azərbaycanın özünün ərazi bütövlüyünə qəsd olunan bir ölkə kimi yardıma ehtiyacı var və Ermənistan qarşısında on illərdir ki, yenik vəziyyətdə olan bir dövlətin prezidentinin indi meydan oxuyurmuş kimi kiminsə haqqının müdafiəsinə qalxması absurtdur. İ.Əliyevin problemlər içərisində itib-batan Azərbaycanın Qarabağ boyda yenilgi və rüsvayçılığını bir tərəfə qoyub Türkiyənin maraqlarını müdafiə etməyə cəhd göstərməsi qədim bir məsəli xatırladır. Hər kəsə yaxşı məlum olan bu məsəldə özünə umac ova bilməyən bir şəxsin başqasına əriştə kəsmək istəyindən bəhs olunur. Bu gün İ.Əliyevin sərgilədiyi mövqe məhz həmin zərb-məsəli yada salır.
Üçüncüsü, kiminsə haqqını sadəcə sözdə müdafiə etmək öz niyyətində həqiqətən də səmimi və israrlı olmaq anlamı daşımır. Azərbaycanda zaman-zaman Türkiyədə ciddi narhatlıq və narazılıq doğuran olayların ”“ türk məscidinin bağlanması, türk bayraqlarının endirilməsi və s. kimi hadisələrin yaşandığını nəzərə alsaq, o zaman İ.Əliyevin dünənki mövqeyi ilə bugünkü mövqeyi arasındakı təzad daha çox nəzərə çarpır. Bundan başqa, “Mavi Mərmərə” gəmisi ilə bağlı
baş verən olaylar fonunda İsraillə münasibətləri kritik həddə çatan Türkiyəyə rəsmi Bakının heç bir dəstək verməməsi elə də uzaq tarixi hadisə deyil və bu olay İ.Əliyevin Praqadakı xilaskarlıq missiyasının əsl mahiyyətini daha dərindən ifşa edir.
Dördüncü, nə qədər təəssüfedici olsa da, İ.Əliyev rəhbərlik etdiyi xalqın rifahını, onun normal, ləyaqətli dolanışığını təmin edə bilməyən bir prezidentdir və öz xalqının maraqlarını təmin etməyən, ona sahiblənməyən bir dövlət başçısının hansısa qardaş türk dövlətinin problemlərinə sahib çıxması sadəcə mümkünsüzdür.
Bütün bunlar göstərir ki, İ.Əliyevin Praqada Sərkisyana barmaq silkələməsi sadəcə adi bir imitasiyadan ibarətdir. Ola bilsin ki, Ərdoğanın Davos sammitindəki “one minute” olayından təsirlənən İ.Əliyev, türk dünyasında bir anda məşhurlaşmaq, ümumtürk himayədarı statusuna yiyələnmək üçün eyni taktikanı fərqli sammitdə sərgiləmək qərarına gəlib. Və bu gün Praqa sammitinə əksəriyyətin göstərdiyi münasibət onun öz məqsədinə müəyyən mənada müvəffəq olduğunu göstərir.
Fəqət İ.Əliyevin bu statusu uzun müddət qoruyub saxlayacağı inandırıcı görünmür. Ən azından ona görə ki, İ.Əliyevin Praqa sammitinə qədərki keçmişində onun hazırkı statusuna zidd olan xeyli sayda samballı faktlar mövcuddur. O faktlar ki, hətta min il keçsə belə fakt olaraq qalacaq və bütün saxta qəhrəmanlıq cəhdlərini şərhsiz-izahsız ifşa edəcəkdir.
Seymur Əliyev
e-mail: [email protected]