Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin və onunla birgə saxlanılan Təvəkkül Qurbanovun məhkəmə prosesi keçirilib.
Azadxeber.net-in müxbiri xəbər verir ki, prosesdə Pərviz Həşimlinin özü və vəkili Elçin Sadıqov, Təvəkkül Qurbanov və vəkili iştirak ediblər.
Pərviz Həşimli vəsatət qaldıraraq, Təvəkkül Qurbanovun oğlu Yəhya Qurbanovun prosesə cəlb edilərək, dindirilməsini istəyib. Həşimli bu vəsatətini onunla əsaslandırıb ki, Qurbanov ilkin dindirmədə Pərviz Həşimliyə oğlunun universitetdə kəsiri səbəbindən yaxınlaşdığını desə də, Qurbanovun oğlu Yəhya Qurbanov MTN-də ifadəsində heç bir kəsirinin olmadığını və əlaçı tələbə olduğunu deyib. Bundan sonra Qurbanov barmaqlıq arxasından etiraz edərək, ailəsinin bu işə qarışdırılmamasını tələb edib və Həşimlinin ünvanına kəskin ifadələr işlədib. Beləliklə də tərəflər arasında qarşıdurma yaranıb və hakim Novruz Kərimov onları intizama dəvət edib.
Daha sonra iş üzrə üç nəfər şahid ifadə verib. Bu zaman onların ilkin istintaq zamanı verdiyi ifadələrlə məhkəmədə dediklərinin üst-üstə düşmədiyi bəlli olub və müdafiə tərəfi verilən ifadələrdə ziddiyətlərin olduğunu məhkəmənin diqqətinə çatdırıb. İfadələrdən sonra hakim Novruz Kərimov növbəti prosesin 7 aprel saat 10:00-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamlarla həbs edildiyini bəyan edir. "Amnesty İnternational" təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.