Xocalı şəhidlərinə ithaf
Havadan qan qoxusu gəlirdi. Ermənilər kəndi təzəcə tərk eləmişdilər.
Cavan bir əsgər mənə yaxınlaşdı:
- Siz burda kino çəkəcəksiniz?
- Hə,- dedim.
- Dalımca gəlin!..
Dinməzcə arxasınca düşdüm. Kəndin aşağı hissəsində ensiz bir arx vardı. Əsgər arxın kənarındakı tənha ağaca çatıb dayandı.
- Budu...-dedi və nə üçünsə səsi titrədi. - Ermənilər Xocalıdan əsir götürdükləri qız-gəlinlərimizin dördünü bu kənddə saxlayırlarmış!.. ”“ Deyəsən bu dəfə onun bütün vücudu əsdi. - Bir həftə əvvəl it uşaqları, həmin qızları saçlarından... hörüklərindən bax bu ağacdan asıblar... Meyidlər... meyidlər ağırlaşıb düşüb... amma ...
- Nə amma?! - Öz səsimə özüm diksindim.
- Saçları... saçları başın dərisiylə birgə... ”“Sözünə davam edə bilməyib... uladı.
Elə bil qəfl məni yerə mıxladılar. Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim...
... Ağacın əyriş-üyrüş budaqlarından... iki cüt hörük sallana qalmışdı... Və elə həmin an mən də ulamaq, əsl it kimi ulamaq istədim...
Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bu qərib hörüklər ağır daş parçalarına çevrilib, həmişəlik ürəyimdən asılı qalacaq...
Eldəniz Quliyev