Azərbaycan və İsrail prezidentləri arasında keçirilən son görüşdə Azərbaycan bayrağının masaya qoyulmaması ictimai-siyasi sferada ciddi narazılığa səbəb olub. Xüsusilə də, xalqın millətçi kəsimi bunu Azərbaycan xalqı və dövlətinə qarşı ən böyük hörmətsizlik kimi dəyərləndirib.
Şübhəsiz, baş verən bu olay Azəbaycan adına olduqca ayıb və utandırıcıdır. Ona görə yox ki, İsrail tərəfi ikitərəfli danışıqlarda Azərbaycan bayrağını ortaya gətirməyə lüzum görməyib. Ona görə ki, Azərbaycan tərəfi Azərbaycan bayrağının olmadığı, yalnız İsrail bayrağının var olduğu bir ortamda heç nə olmayıbmış kimi danışıq aparmaqda problem görməyib.
Baş verən olaylar fonunda qəbuledilməz olan digər bir məqam İsrail tərəfinin kəskin tənqid atəşinə tutulmasıdır. Halbuki, bu məsələdə ən son qınanılması gərəkən tərəf məhz İsraildir. Ən azından ona görə ki, Azərbaycanda bayraq uğrunda çarpışanlara, öz fədakarlığı ilə canlı bayraqlara çevrilən insanlara rəsmi Bakının münasibəti bütün dünyaya, o cümlədən bu dünyanın bir hissəsi olan İsrailə yaxşı bəllidir. Hakimiyyətin bayraq fədailərinə tutduğu divan, onları açıq-aşkar aclığa, səfalətə məhkum etməsi, mənəvi-psixoloji baxımdan sındırması bütün dünyanın, eləcə də İsrailin gözləri önündə baş verir. Rəsmi Təl-Əviv yaxşı başa düşür ki, Qarabağ qazisi Zaur Həsənovun timsalında Azərbaycanın canlı bayraqlarını bir parça çörək naminə atəşə verən hakimiyyət üçün tamamilə simvolik məna daşıyan əsgi bayrağın heç bir əhəmiyyəti yoxdur. Çünki canlı bayraqların ayaq altında süründüyü bir ölkədə əsgə bayraqlar ən yaxşı halda rəsmi görüşlərdə tələb olunan çoxsaylı lüzumsuz prosedurlardan, saysız protokol qaydalarından biri kimi gündəmə gələ bilər.
Lakin bu da sirr deyil ki, İsrailin bayraq məsələsində ortaya qoyduğu mövqe hakimiyyəti də məmnun salmış deyil. Ona görə yox ki, hakimiyyət Azərbaycan bayrağının təəssübünü çəkməyi özünə borc bilir. Ona görə ki, bu olay hakimiyyəti növbəti dəfə dilə-dişə salmaqla onun bayraq və millətlə bağlı siyasətini ifşa edir. Halbuki, vəziyyəti dəyişmək, Azərbaycan bayrağına hörmət və ehtiram aşılamaq hakimiyyətin öz əlindədir. Bunun üçün hakimiyyətin sözün həqiqi mənasında Azərbaycan bayrağını sevməsi, bu bayrağın toxunulmazlığı uğrunda əmək sərf edən şəxslərin zəhmətini qiymətləndirməsi vacibdir.
Azərbaycan hakimiyyəti bilməlidir ki, özünə, öz bayrağına, bu bayraq uğrunda canını, qanını fəda edən insanlara hörmət göstərməyəcəyi, onlara sahib çıxmayacağı təqdirdə heç kim ona, onun bayrağı və millətinə hörmət göstərməyəcək. Hakimiyyət bilməlidir ki, öz xalqını səfalətə məhkum etmək bahasına əcnəbiləri kürü ilə bəsləməklə dünyanın etimad və rəğbətini qazanmaq imkansızdır. Hakimiyyət bilməlidir ki, öz bayrağını başqa bayraq sahiblərinə qəbul etdirməyin yeganə yolu “bayraqları bayraq yapanların” xidmətində dayanmaq, onları bayraqdan daha yuxarıda tutmaqdır. Və hakimiyyət bilməlidir ki, canlı bayraqları atəşə verilən bir dövlətin əsgi bayraqlarına tüpürərlər.
Seymur Əliyev
e-mail: [email protected]