Gəlimli-gedimli dünyada gəlişi, təmsil olunduğu millətə və insanlılğıa böyük töhfələr bəxş edən, şərəfli insan adını əməli ilə təsdiqləyən elə insanlar var ki, onların itkisini acısız yaşamaq olmur. Bu cür insanlar bir ailənin, bir şəcərənin daşıyıcısı olmaqdan çıxıb bir millətin, geniş mənada vahid dünyanın ovladı dərəcəsinə qədər yüksələn insanlardır. Fəxrlə deyə bilərik ki, mərhum S. Əlyarlı Azərbaycan xalqının dünyaya bəxş etiyi əvəzsiz insanlardan biri idi. Amma bu cür dəyərli insanın qədirsiz-qiymətsiz yola salınması, onun dövlət səviyyəsində yasının tutulmaması bizi dövləti idarə edənlər haqqında bir neçə kəlmə söyləməyə zorladı.
Hakimiyyətlə bağlılığı olmayan, onun əmr-fərmanlarına itaətkarlıq göstərməyən, YAP adlı partiyasına, sülalə adlı rejiminə xidmət göstərməyən istənilən vətəndaşın, alımin, siyasət adamının nə dirisinə, nə də ölüsünə bu məmləkətdə yer yoxdur. Onlardan deyilsənsə, onların fikrinin carçısı olmayıbsansa baxmazlar kiminsə alimlik dərəcəsinə, dünya şöhrətli mədəniyyət xadimi olmasına, çümhuriyyət qurucusu, istiqlal bayraqdarı adını daşımasına, milli azadlıq və demokratiya uğrunda can fəda etməsinə.
Elə gözdən salarlar, əleyhinə elə çirkin kompaniya başladar, haqqında ağla gəlməyən elə şayələr yayar, özünü və təmsil etdiyi ailə və zümrəsini dünyada elə rüsvay-caris edərlər ki, alim alimliyindən, xadim xadimliyindən, istiqlalçı istiqlal uğrunda apardığı mübarizədən, vətəndaş vətəndaşlığından bezar olub yalnız səadət bağçası olan Allah dərgahına qovuşmaq dilər.
Qovuşdu. Professor, aydın, elm fədaisi, ləyaqətli insan, hər cür siyasi və saxta elmi basqılara məğrurluqla sinə gərən xocamız S.Əliyarov təmtəraqdan, titullardan uzaq həyatından köç edib hər kəsin son mənzili olan İlahi dərgaha yollandı. Yolçu yolunda gərək. Layiqincə yola sala bildikmi? Çığırına düşdüyümüz bir yolun yolçusu idik, yola sahib durub, sidq ürəkdən yolun açıq olsun deyə bildikimi? Dəfndə bu dünyada qalanlara haqqınızı halal edin dedilər. Bəs haqq dünyasına gedən Süleyman müəllim ona qarşı edilən haqsızlıqlar müqabilində haqqını bizə halal etdimi? Onun, o əziz və təvazökar insanın haqqını bizlərə halal etməsinə zərrə qədər şübhəmiz yox. Amma o haqq onun bizə verdiyidir, bizim haqq etdiyimiz deyil.
Haradan bilərik bu dünyadan niskilli gedənlərin bizim haqqımızda nə düşünməsini. Tək o deyildi ki. Səssiz-küysüz, sayqısız yola salınan akademik M.Abbasov da, millət fədaisi, türk sevdalı Elçibəy də, böyük tarixçi alim akademik Z.Bünyadov da, aydınlıq mücəssiməsi X.Məmmədov da dəfn protokollarına sığmayan şərəfli bir ömür yaşadı, amma heç birinin millət və dövlət qarşısındakı xidmətləri qədərincə dəyərləndirilmədi.
Səbəb aydın. Onlar, bəla gətirən ayrıntıların deyil, məhəbbət timsallı birliyin tərəfdarı, dağıdıcılığın yox quruculuğun nümayəndələri, bir zümrənin deyil, xalqı təmsil etmək haqqı olan bir hakimiyyətin müdafiəçiləri idi və bu səbəbdən rejimin açıq ya gizli formada hədəfinə çevrilmişdilər. İdellara, dəyərlərə can atan, xalqı milli oyanışa, demokratiya uğrunda mübarizəyə səsləyənlərlə, qrup və tayfa marqları peşində olan, milli duyğuları, qanunun aliliyi prinsipini göz ardı edənlərin suyu bir yerdə axmaz. Ona görə ilahi qaynaqlı təmiz suların üzgüçülərini çirkablı sularda boğmaq, xalqın qarşısında anlı açıq, təmiz olan insanlara çamur yaxmaq, onların diriliyindən də, ölümündən də qisas almaq siyasəti yürüdülür.
İndi rasional düşünən hər kəsi ciddi narahat edən suallar toplusu var. Məmləkətdə şər xeyrə niə bu qədər zor gəldi, əyri düzü niyə basdı, dəyərlər nədən bu qədər aşılandı, insan niyə bu qədər ucuzlaşdı, siyasi ehtiraslar ilahi duyğulara niyə bu qədər təcavüzdə bulundu, fərdiyətçilik, şəxsi mənin qabardılması istiqlal və dövlətçilik şüurunu niyə önlədi, milli birliyə, həmrəyliyə gedən yollar nədən qapandı?!
Yaxşılığa doğru addımlar atılmırsa, dünyada baş verən gəlişmələr bu məmləkətin halını dəyişmirsə, bu qədər zənginlik içində millət yenə miskin halətdə yaşayırsa, varlanma tərəqqiyə, inkişafa deyil, əksəriyyətin daha kəskin şəkildə kasıblaşmasına xidmət edirsə, yaltaq, dələduz, şarlatanlar başda, ləyaqətli, vicdanlı, ədalətli insanlar ayaqda oturdulursa, bir millətin alimi, erişmişi, aydını ucuzdan ucuz tutulursa, yüksək dəyərlərin qorunması, milli inkişaf, sosal yönümlü siyasət, anoloqu olmayan iqtisadi dirçəliş barədə boğazdan yuxarı səslənən laflarla baş qatmağa nə hacət. Həzrəti peyqəmbrimizin, qələmindən düşən mürəkkəbi şəhid qanından üstün tutduğu alimin bu cür ucuzlaşdırılması hakimiyyətə dəyərlər haqqında danışmağa haqq vermir axı.
Nurəddin İsmayıl