Azərbaycan iqtidarının müxalifətin parçalanması istiqamətində uzun illərdən bəri başlatdığı məqsədyönlü iş reallaşır. Təzyiqlər, repressiyalar, maliyyə sıxıntıları ilə üz-üzə qalmalar, ayrı-ayrı funksionerlərin ələ alınması, həbslər, şantajlar və bunların fonunda yaşanan nailiyyətsizlik sindromu müxalifəti hakimiyyətə qarşı əsas mübarizə hədəfindən yayındırdı və Azərbaycan idealları uğrunda davanı prioritet elan edənlər özləri qrup marqlarının hədəfinə çevrildi.
Yanlışlıqlar, siyasi səbatsızlıqlar, özünə qapanmalar, hadisələrin sonrakı inkişafından doğan nəticələrin əvvəldən izlənməməsi, qarşılıqlı ittihamlar, siyasi intriqalar, separatçı meyllər, şəxsi mənin qabardılması, liderlərin birincilik ambisiyası müxalifətin başını elə əngəllərə soxdu ki, onlar yalnız dəyən zərbədən ayılanda hər şeyin gec olıduğunu anladılar.
Fürsət verdilər ki, kəmfürsət hakimiyyət onların yaratdığı birliklərin xalq üçün yararsızlığını, bu qurumların böyük məqsədlərə deyil, kiçik qrup maraqlarına xidmət etdiyini, siyasi partiyaların, vətəndaş cəmiyyətinin digər institutlarının gərəksizliyini, vahid mərkəzdən idarə olunan etiraz aksiyalarının effektsizliyini dilə gətirsin və xalqa mesajlar ünvanlasın ki, xalqın maraqları uğrunda mübarizə aparan yalnız mövcud iqtidardır.
İndi hər kəs Milli Şura adı altında birləşən Müsavat və AXCP adlı iki qocaman partiyanın arasında yaşanan intriqaların, qarşılıqlı suçlamaların, körpüləri yandıran ittihamların canlı şahididir. Kimin, hansı patiyanın bu oyunda düz ya yanlış olduğunu buraxaq siyasi ekspertlərin və bir də hər iki partiyanın qərəzsiz funksionerlərinin vicdanına. Amma nədən belə oldu, nədən elan olunmuş məqsədlərə çatmadan bu və ya digər birliklər dağıldı sualı, siyasi palitranın dəyişilməsi uğrunda mübarizə aparan hər bir kəsi dərindən düşündürməlidir.
Müsavat yetkililəri üçün ayrılmada əsas şərt Milli Şuranın Rusiya projesi olması və bu formatın artıq öz missiyasını başa çatdırması ilə bağlı səsləndirdiyi bəyanatlardırsa, bunlar ayrılma üçün əsas şərt sayıla bilməz. Belə ki, professor C.Həsənlinin bu qruma sədr seçilməsi, onun sədr olandan sonra nümayiş etdirdiyi milli iradə və əzm, arzu olunmaz şəxsə çevrilən R.ibrahimbəyovun de-fakto bu qrumdan uzaqlaşdırılması qrumun təyinatını dəyişmiş və bundan sonrakı dövrdə Müsavat rəsmiləri öz bəyanatlarında ardıcıl olaraq Milli Şuranın müxalifətin vahid mərkəzi olması ilə bağlı fikrilər səsləndirmişlər.
Yox, əgər bu formatın ictimai-siyasi situasiyanı dəyşdirmək gücündə olmadığı qənatinə gəlinmişsə, onda hansı birlik modelinin davamlı olması haqda əvvəldən götür qoy edilməli və digər müxalif qüvvələrin də geniş spektrdə təmsil olunduğu daha optimal birlik yaradılmasına cəhdlər göstərilməli idi. Seçicilər bunun əksinə olaraq digər müxalif qüvvələrin ayrı-ayrı ittihamlarla kənarda saxlanılmasının və bu qruma daxil olmanı demokratik dəyərlər uğrunda mübarizə aparılmasında deyil, Məmmədəmin və Elçibəy yolunun davamçısı olmaq kimi məhdudlaşdırıcı şərtlərlə bağlı olduğunun şahidi oldular.
Digər tərəfdən, necə ola bilər ki, hər iki partiya rəhbərliyi əvvəldə Milli Şuraya əsas məqsədə çatma yolunda müxalifətin vahid mərkəzi kimi yanaşdığı halda, sonda əks cəbhələrdə yer aldılar? Deməli söhbət Milli Şuranın milli və qeyri milli olmasından, onun Rusiya və Azərbaycan iqtidarının texnoloqları tərəfindən düşünülmüş şəkildə ortaya atılmış proje olmasından deyil, Müsavat və AXCP arasında yaşanan barışmaz ziddiyyətdən gedir. O ziddiyyət ki, acı nəticələri bir siyasi təşkilat kimi özlərini və geniş mənada xalqımızı böyük zərbə altında qoyur, protest eloktoratı xəyal qırıqlığına yuvarlandırır.
Nə imiş siyasi təşkilatlara bağlanan, ömrünü-gününü siyasi dəyişilmələr uğrunda mübarizəyə həsr edən insanların günahı ki, təmsil olunduğu qurumlar sonda onları xəyal qırıqlığına yuvarlatsın? Nə imiş Milli Şura adına düzənlənən və hər iki partiya rəhbərliyinin həvəs və coşqunluqla iştirak etdiyi o mitinqlər ki, orada insanlara birliyin vacibliyi barədə önəmli messajlar verilirdi? Görüntü naminə birlik yaradıb, əsl birliyə kölgə salmaq əslində xalqın pərakəndə olmasında maraqlı olan hakimiyyətin əlinə işləməkdən başqa bir şey deyil.
İctimai-siyasi dəyişilmələrdə beynəlxalq təşkilatların rəyi, xalqın istəyi ilə yanaşı vacib şərtlər sırasına daxil olan müxalifətin birliyinin də əsas şərt olduğunu bilə-bilə müxalif qüvvələrin bir araya gələ bilməməsini hansı uzaq görənliyə, hansı milli siyasət adına yazaq?! Əgər sonda bir-birinin inkarına durub, İ.Əliyev rejiminin davam etməsi qənaətinə gəlinəcəkdisə, onda bu günə qədər və bundan sonra aparılan mübarizənin nə anlamı qalır?
Ziddiyətlər, intriqalar olan yerdə birlik ola bilməz. Qrup maraqları milli maraqlardan önə çəkildiyi yerdə milli düşüncədən danışmaq olmaz. Fakt odur ki, qrup maraqları öndədir və bundan ən çöx itirən xalqımız, qazanan isə milli maraqları gözardı edən iqtidardır. Xalq üçün milli birliyin adının Milli Şura, İctimai Palata, Azadlıq bloku oması önəmli deyil. Önəmli olan odur ki, müxalifət istənilən format adı ilə bir araya gəlsin və xalqı düzgün yönləndirə bilsin.