Düz bir əsr öncə ölməz Sabir deyirdi ki, cin
görürəm, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm qorxuram...
Yazıya bu cür girişlə başladığıma görə
qınamağa tələsməyin, cənablar. Nə illah elədimsə bu gün kal armud kimi millətin
xirtdəyinə keçmiş müxalifət liderlərinin bir-biriylə yola getməməsinə başqa cür
don geyindirə bilmədim. Elə ona görə də bu qənaətə gəldim ki, millətin dar
günündə firqə maraqlarını ümummilli dərdlərimizdən üstün tutan müxalif liderlər
məmləkət insanı üçün müasir dünyanın qada-bəlasından, cin-şeytanından daha təhlükəlidir.
Əslində mətbuatdakı və sosial şəbəkələrdəki iyrənc hərbə-zorbadan mümkün qədər uzaq durmağı bacarmışdım, bu və ya digər mövzularla
bağlı münasibət öyrənib sayta yerləşdirsəm də özüm baş verənlərlə bağlı məxsusi
bir şey yazmağı düşünmürdüm. Ancaq şənbə günü gecə saatlarında Milli Şuranın
üzvü və şəxsiyyətinə təkcə mənim deyil, külli Azərbaycanın iqidarlı-müxalifətli
kəsiminin böyük hörmət bəslədiyi ziyalımız, ədliyyə generalı Vidadi Mirkamalla söhbətləşəndən sonra qərara
gəldim ki, ürəyimin sarı siminə toxunmuş bu mövzuyla bağlı nəsə yazmalıyam.
Saytımızın 23.02 radələrəindəki yazını oxumayanların diqqətinə
ərz edim ki, Vidadi müəllim siyasi proseslərdən bir köynək aralı dayanaraq baş
verənləri izləyən və suların durulmasını gözləyən ziyalı kəsimin müxalifət
liderlərindən narazı olduqlarını dilə gətirmişdi. Açıqca deyirdi ki, ziyalılar
ona görə prosesə dəstək verərək bu təşəbbüslərin ümumxalq hərəkatına çevrilməsində
rol almaq istəmirlər ki, onların müxalifət liderlərinə ünvanladıqları bir çox
suallar ya cavabsız qalıb, ya da elə cavab veriblər ki, verməsələr ondan
yaxşıdı. Elə ona görə də hamısı çəkilib əli qoynunda hakimiyyətin qəzəbinə gəlmiş
azsaylı müxalif gücün necə əzişdirildiyini ürək ağrısıyla seyr etməyə məcbur
olublar...
Mən tam əminəm ki, yazını oxuyan müxalifət
liderləri Vidadi bəyin bu açıqlamasına dodaq büzüblər və hələ onları qəbul eməyən
ziyalıların qabırğasına da bir-iki ağız döşəyiblər. Amma artıq hər şey o qədər
aydındır ki, Vidadi Mirkamalın sözlərini qəribçiliyə salamağa cəhd edənlərin
arqumentsizlikdən əli boşda, qıçı havada qalacaq...
Müxalifət liderləri bunu bilməlidir ki, nə qədər
siyasi proseslərdən kənarda qalsalar da ziyalıların ölkədə baş verənlərdən ürəklərinin
başı göynəyir və hamı intizarla dəyişiklik gözləyir. Təbii ki, bu dəyişikliyin
baş verəcəyinə münbit zəmin yarandığını hamıdan qabaq hiss edən ziyalılar o
zaman bu prosesə öz töhfələrini verəcəklər. Odur ki, onlara “bu vaxtadək
hardaydınız” sualı verib prosesdən kənarlaşdırmayın. Unutmayaq ki, istənilən
ölkədə baş verən dəyişiklikdə ziyalıların yeri görünüb və onlar da prosesə
biganə qalmayıblar, sadəcə biri ilk andan qoşulub, digəri pərdə arxasından dəstək
verib.
Milli Şuranı irəlidə hansı tale gözlədiyini
bilmirəm. Bildiyim tək bir şey var ki, Azərbaycanda dəyişiklik etmək istəyənlər
ilk növbədə ziyalıları qane edəcək ortam yaratdıqdan sonra bu prosesi qələbəyə
apara biləcəklərini nəzərə almağa məhkumdurlar.
Yazıya Sabirin satirasıyla başladıqsa Krılovun
təmsiliylə yekun vurmaq məntiqli olardı. Lətifəsi hamıdan uzaq, “Şir və tülkü” təmsilində
olduğu kimi bir-birinizi didərək al qana qərq edib başqalarına niyə ovu rahatca
qamarlamağa fürsət verirsiniz? 20 ilik uğursuz ovçuluq sizə bəs eləmədimi?