İllər uzunudur ki, ağır maddi məhrumiyyətlər içində yaşayan Qarabağ əlili Zaur Həsənovun özünü yandırdığı və yalnız bundan sonra onun probleminin ciddiyə alındığı hər kəsə bəllidir. Maraqlıdır ki, Z.Həsənov yalnız özünə qəsd edəndən sonra ölkə başçısından tutmuş icra başçısına, nazirdən tutmuş millət vəkilinə qədər hər kəsin duyğu orqanları “qəfil aktivləşdi” və onlara məlum oldu ki, sən demə “analoqsuz inkişafa” malik ölkədə bir parça çörəyə möhtac olan insan var imiş. Hakimiyyət bu “qeyri-adi və gözlənilməz sirri” kəşf edər-etməz dərhal hərəkətə gəldi və Z.Həsənovun daim səfalətin döydüyü qapısını 100 minlik kompensasiya döydü. Üstəlik, hər ay əlil ailəsinə 1500 manatlıq müavinət də təyin edildi ki, bu da hər zaman olduğu kimi ictimaiyyətə hakimiyyətin müharibə iştirakçılarına qayğısının bariz nümunəsi kimi təqdim edildi.
Habelə, hakimiyyət bununla yeni və arzuedilməz bir ənənənin əsasını qoydu. Hakimiyyət sübut etdi ki, bu dövlətdə məmur elitasına, canlı pul kisəsinə, “seçilmişlər” kateqoriyasına daxil olmayan və namuslu şəkildə yaşamağa çalışan hər bir sadə vətəndaşın ciddiyə alınması üçün onun benzil butulkası və kibrit qutusuna ehtiyacı var. Çünki bu dövlətdə yardıma möhtac şəxsin səsi yalnız o vaxt eşidilir ki, vətəndaşın harayına, onun imdad çağırışlarına az da olsa benzin və yanıq qoxusu əlavə edilsin. Yalnız belə olan təqdirdə hakimiyyət işin ciddiliyini dərk edir və anlayır ki, ən azından dilə-dişə düşməmək naminə yanıq qoxusu verən şəxsə oğurladığı milyonlardan cüzi qəpik-quruş vermək lazımdır.
Bu, hakimiyyətin ümumxalq etirazından özünü sığortalamaq cəhdi ilə yanaşı, siyasi elitanın reklamı baxımından da əhəhmiyyətlidir. Lakin Z.Həsənovun intiharı fonunda müşahidə edilən təbəddülatlara nəzər salsaq, məlum olar ki, proseslərin bundan sonrakı inkişafı hakimiyyət üçün daha arzuedilməz olacaq. Belə ki, bundan sonra məmur harınlığının, sosial ədalətsizliyin qurbanı olan yüzlərlə insan son ümid yeri kimi benzin və kibrit qutusuna pənah aparacaq, öz intiharları ilə heç deyilsə ailələrinin gələcəyini sığortalamağa cəhd edəcəklər.
Əslində hakimiyyətin Z.Həsənovun problemlərinə vaxtında reaksiya verməməsi və maddi kompensasiya ilə onun cənazəsini “muştuluqlaması” ölkənin bütün namuslu vətəndaşları üçün firavanlıq reseptini müəyyənləşdirmiş oldu. Baş verənlər göstərdi ki, Azərbaycan adlı məmləkətdə haqqı tapdanan və pozulan hüquqlarını heç cür bərpa edə bilməyən bütün namuslu şəxslərin üzləşdikləri problemdən yeganə qurtuluş yolu intihardan keçir. Həm də elə bir intihardan ki, yüzlərlə, minlərlə insanın gözü qarşısında reallaşsın və şəxs ölümqabağı açıqlamasında bu intiharın tək suçlusunun hakimiyyət olduğunun mesajını versin.
Bəli, bu gün namuslu bir insanın öz ailəsinin bugününü və gələcəyini təmin etməyin yeganə real yolu məhz budur. O yol ki, səndən ailənin maddi təminatını öz fiziki məhvinlə reallaşdırmağı tələb edir. Sən özünü qurban vermək bahasına ailənin həyatını qurtarmalı, öz səadətini benzin butulkası və kiprit qutusunda axtarmalı olursan. Və ən əsası heç kim səni bu seçiminə görə qınamır, qınaya bilmir. Çünki hər kəs başa düşür ki, ləyaqəti təhqir olunan hər bir namuslu insanın bu münasibət qarşılığında edə biləcəyi ən böyük və ən nəcib etiraz yalnız intihardır.
Seymur Əliyev
e-mail: [email protected]