O, deyib ki, Azərbaycanın ilk peykindən artıq 10 milyon dollar gəlir əldə edilib və peyklə bağlı kreditlərin 70 faizə qədəri qaytarılıb.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından (İKT) əldə edilən gəlir 2 milyard dollardır. 2020-ci ilə qədər bu gəlirin 8,5 milyard dollara çatdırılması nəzərdə tutulub. Bu sahədə orta illik artımın 15-18 faiz olması planlaşdırılır:
“Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovativ xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək”.
Ə.Abbasov 2020-ci ilə qədər hökumətin əhaliyə təqdim etdiyi xidmətlərin 100 faizinin elektron hökumət vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tutulur.
O qeyd edib ki, “Qızıl üçbucaq” deyilən konsepsiya üzərində iş aparılır:
“Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır.
Texnoparkların yaradılması, yeni vergi və gömrük siyasəti bura daxildir.
Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, “Qızıl üçbucaq” konsepsiyası uğurla həyata keçiriləcək”.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan nazir deyib ki, 2020-ci ilə İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor sahəsindən 3-3,3 milyard dollar sərmayə qoyulması gözlənilir:
“Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik”.