Millət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova kimsəsisz uşaqların acınacaqlı durumu ilə bağlı Moderator.az-a açıqlama verib:
“Bəşəriyyət
yüz illərdir ki, insan hüquqları ilə bağlı işlər görür və mübarizə aparır. Uzun
zaman keçib, əgər hər kəs özü üçün düşünsə, təbii ki, dünyada təhlükəsiz mühit
yaratmaq olmaz”. Bu barədə Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri
Rəbiyyət Aslanova Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları
haqqında ümumi deklarasiya - 65 il” adlı konfransda çıxışı zamanı dilə gətirib.
O, bildirib ki, insan hüquqları anlayışı tək özünü düşünmək yox, hər kəsi
düşünmək deməkdir:
“Deyim ki,
bu proses artıq II Dünya müharibəsindən sonra sürətləndi. Çünki artıq dünya
anladı ki, bundan sonra bütöv bir sənəd qəbul etmək lazımdır. Bununla da
1948-ci ildə deklarasiya qəbul olundu. Bu sənəd 70-dən çox beynəlxalq
konvensiyanın bazasını qoydu. Ancaq deyim ki, bu sənədlərin qəbulu yenə də
insan hüquqlarına olan problemləri silmədi. Bu 65 ildə sənədin gücü hər şeyi həll
edə bilmədi. Yenə də müəyyən problemlər hər dövr üçün yaşandı. Ölkəmizdə də bu
sənəd nəticəsində bir çox müsbət yönümlü qərarlar qəbul olundu. Elə ölüm
hökmünün ləğvi buna əyani sübutdur”. R.Aslanova bildirib ki, bu gün dünyanın
milli dövlətləri bir sıra təhdidlərə məruz qalırlar. Bunlara siyasi, sosial-mədəni,
etnosiyasi, mədəni və geosiyasi təhdidlər daxildir:
“Bu gün bir
çox qurumlar milli dövlətin içində transmilli olmağa çalışır. Həmçinin, milli
dövlətin etnoqrafiyası haqqında yanlış məlumatlar da yayılır və bu artıq ölkələrin
qlobal probleminə çevrilib. Azərbaycan da bunlarla mübarizə aparır”.
Millət vəkilinin
sözlərinə görə, çox sevindirici haldır ki, ölkəmiz dünyanın tolerant ölkələrindəndir:
“Dünyada Azərbaycan qədər gözəl bir məkan yoxdur. Azərbaycan vətəndaşı insan
hüquqları haqqında yüksək məlumata və böyük sivilizasiyaya malik bir insandır.
Bu gün biz dünyanın tanınmış beynəlxalq təşkilatlarına üzvük. Çalışırıq ki,
dünyanın 200 ən rəqabətə davamlı ölkələrinin sırasında olaq və hazırda 39-cu
yerdəyik”. R.Aslanova hesab edir ki, bu sahədə əsas qiymətverici isə gənclərdir:
“Çünki gənclər dövlətin sütununu təşkil edir. Əgər ölkə başçımız sizə inanaraq
dövlətin gələcəyini sizin üzərinizdə görürsə deməli siz böyük məsuliyyət
daşıyırsınız. Dövlətin öz siyasətində özünü təsdiq sahəsində işlər görməsi çox
vacibdir. Azərbaycan 22 ildir bunun üçün hər zaman çalışır. Bu da təbii ki,
dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində özünü hər zaman doğruldub və
doğruldacaqdır”.
Komitə sədri çıxışında eyni zamanda bildirib
ki, Milli Məclisdə (MM) Azərbaycanda valideyn himayəsindən məhrum olan
uşaqların uşaq evindən sonrakı taleyi ilə bağlı məsələ qaldırılacaq. R.Aslanovanın qeyd etdiyinə görə, məsələ ondan ibarət
olacaq ki, binaların tikintisi ilə məşğul olan sahibkarın üzərinə məsuliyyət
qoyulacaq: “Yəni, dövlətin də dəstəyi ilə hər tikilən binada bir və ya iki ev
valideyn himayəsindən məhrum olan uşağa verilsin. Məsələ qanunvericiliyi bütün
tərəfləri nəzərə alınmaqla qaldırılacaq”.
R.Aslanova
deyib ki, bu, uşaq evindən sonra kimsəsiz qalan, sonrakı taleyi arzuolunmaz
olan gənclərin sayının azaldılmasına xidmət edir: “Çünki
onlar uşaq evində 18 yaşına qədər yaşayaraq oradan çıxandan sonra köməksiz
qalırlar, küçə sakininiə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib
çıxarır.”