Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun həbsilə bağlı mətbuat konfransı keçirir. Tədbirdə AXCP sədri Əli Kərimli və partiyanın digər rəhbər şəxsləri də iştirak edir.
Kamran Həşimov deyir ki, Pərviz Həşimli siyasi sifarişlə həbs edilib. Onum sözlərinə görə hələ prezident seçkisi ərəfəsində Pərviz Həşimli barəsində MTN-ə yaxın qəzetlərdə sifarişli yazılar dərc edilib. "Pərviz Həşimli bu yazıları dərc edənlərə etirazını bildirib. Bundan sonra MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Pərvizə zəng edərək onu həbslə hədələyib".
Kamran Həşimov bildirib ki, oğluna qarşı irəli sürülən ittihamlar əsassızdır.
"Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Amma mən demişəm, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır", - deyə Kamran Həşimov bildirib.
Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, Pərviz Həşimli həbs olunmayıb, ictimai-siyasi fəaliyyətinə görə girov götürülüb. “Azərbaycan hakimiyyəti siyasi məhbuslarla girov kimi davranır. Onları mənən sındırmağa çalışır. Pərviz məşəqqətlərə baxmayaraq nə özünə, nə də başqalarına böhtan atır. Mən əminəm ki, Pərviz Həşimli və digər siyasi məhbuslar tezliklə azad olacaq. Azərbaycan dəyişiklik ərəfəsindədir. Hakimiyyət də bundan narahatdır”, - deyə AXCP sədri qeyd edib.
Əli Kərimli bildirib ki, MTN-nin təcridxanası cəza aparatı kimi istifadə olunur. “Bu təcridxana qapadılmalıdır”, - deyə o əlavə edib.