Eks-spiker Rəsul Quliyevin, bu günlərdə Almaniyada siyasi sığınacaq alan keçmiş deputat Hüseyn Abdullayevin və Penitensiar Xidmətin Güzdəkdəki 13 saylı cəzaçəkmə müəssisəsində günlərini sayan keçmiş səhiyyə naziri Əli İnsanovun “Yeni Nəfəs” adlı partiya yaratmağa hazırlaşdıqları barədə dünən mətbuatda yayılmış informasiyaya münasibət bildirilən kimi okeanın o tayına müraciət edərək xəbirn doğru olub-olmamasını ilk mənbədən dəqiqləşdirmək istədim. Ancaq həmişə mənimlə həvəslə ünsiyyətdə olan Rəsul müəllimin israrıma rəğmən susqunluq nümayiş etdirməsi dalağımı qıdıqladı ki, sən öləsən, deyəsən torbada pişik, daha doğrusu, yeni nəfəs var. Amma bu nəfəsin elə beşikdəcə kəsilməməsi və ya boğulmaması üçün düşündüm ki, tövsiyyələrim təşkilatçılara faydalı olar.
Amma əvvəlcə
bir necə cümləlik zəruri qeyd...
Əvvəla,
hələ də belə bir projenin gerçəkləşəcəyinə inanmağım gəlmir. Çünki hər üç şəxs xarakterlərinə
və siyasi dünyagörüşlərinə görə tamam başqa dünyanın adamlarıdır və onların bir
yerdə dil tapacaqlarına inanmaq ilanla bir yorğanda yatmağın mümkünlüyü qədər
adama heyrətamiz gəlir. Başqa bir vacib məqamsa təsisçilərdən birinin
Amerikada, o birinin Almaniyada, üçüncününsə hələ də həbsxanda olması və
sonuncunun çox böyük ehtimalla bütün cəzasını son saatadək çəkəcəyidir. Avropa
Məhkəməsinin hakimləri gəlib Ali Məhkəmənin qarşısında piket keçirsələr belə,
heç inanmağım gəlmir ki, onu tezliklə buraxalar. Çünki bu hakimiyyətin
çikini-pikini bilən beş-üç adamdan biri və liderlik keyfiyyətinə malik Əli
İnsanovun qısa zamanda poppulyarlaşaraq hakimiyyətə başağrısı olacağı
ehtimalını başbilənlər nəzərə almamış deyillər. Onunsa “srok”u hələ 3 il sonra
bitir və ən azı “Yeni Nəfəs” zühur etsə belə növbəti parlament seçkilərində təsisçilərdən
biri müttəfiqlərinə zindandan dəstək verməli olacaq. O birilərsə osuz da didərgin
həyatlarına davam edirlər. Ancaq təcrübə göstərdi ki, sifarişlə Həcc olmadığı
kimi uzaqdan idarə edilmə mexanizmləriylə də siyasi təşkilatı qələbəyə aparmaq
fuflo söhbətdir. Bəs “Yeni Nəfəs”ə Bakıda nəfəs verəcək dördüncü lider kim
olacaq? Bax bu da çətinliyi artırılmış suallar qisminə aiddir...
Başqa
bir maraqlı məqamsa təsisçilərin özlərini “demokratik düşərgə” adlandıran firqəyə
qarşı hansı məsafədə dayanacaqlarıdır. Biri Amerikada müxalifəti tənqid etməkdə,
o biri keçmişdə olanlara görə müxalifət liderlərindən üzr istəyib, Almaniyadakı
siyasi mühacirsə hələ siyasət meydanında ilk akkordlarını çalmaqda, siftəsi də
korlanmış vəziyyətdə...
İndi isə
keçək vəd etdiyimiz tövsiyyəyə. Azərbaycanda bir ənənə var ki, hər hansı işdə
uğur qazanmaq istəyənlər onu reallaşdırdıqları günə deyil, hətta anadək məxfi
saxlamağa çalışırlar. Yəni əgər belə bir niyyət var idisə, onu kiminsə vasitəsilə
indidən ortaya atmağa gərək yox idi. Bundan başqa mən yeni təşkilatın
ideoloqlarına klassik müxalifətin ünvanına tənqidlərdən imtina etməyi məsləhət
görərdim, əks halda şeytana papış tikən bu qocaman siyasi xadimlər nəfəsinizi
elə kəsərlər ki, təşkilatınızın adı belə, yadınızdan çıxar. Nəhayət, heç vaxt
hakimiyyətlə konstruktiv münasibətlərdən və dialoqdan-filandan bəhs etməyin,
bunu qarşı tərəf bir zavallılıq əlaməti kimi yozacaqlar. Çünki bunların kitab-dəftərinədə
dialoq başqa cür anlaşılır...