Moderator.az saytı çoxsaylı müraciətləri nəzərə alaraq bir müddət öncə "Ədəbiyyat" səhifəsi yaradıb oxucuların ixtiyarına verdi. Bu vaxta qədər bir sıra gənc və təcrübəli şairlərin əsərlərini dərc etdik. Bu günkü qonağımız da istedadlı gənc şair İlkin Xaliqdır.
Əliyev İlkin Xaliq oğlu ( İlkin Xaliq):1981-ci il dekabr ayının 24-ü Sumqayıt şəhərində şair Xaliq Oğuzun ailəsində dünyaya gəlmişdir. Hələ 11 yaşında ikən atası Xaliq Oğuzun qəfil vəfatı balaca İlkini həyatın bütün amansızlıqları və bir çox məhrumiyyətləri ilə üz-üzə qoymuşdur. 1997-ci ildə orta təhsili bitirib,2000-ci ildə “ Xüsusi texnalogiyalar” ixtisası üzrə texniki təhsilini, 2007-ci ildə ali təhsilini bitirmişdir. Bədii yaradıcılığın şeir növü ilə 1993-dən məşğuldur. Orta məktəb illərindən indiyədək dövri mətbuatın müxtəlif qəzet və jurnallarında şeirləri çap olunur. “ Gənc Şairlər Birliyinin” üzvüdür.
Evlidir. Bir qızı var.
Mən atılmış yetiməm.....
Bu həyat nağıl deyil, nağıla bənzəsə də.
Bu dünya noğul deyil,
bir az yumru olub, noğula bənzəsə də
Atanı var dünyanın,
Satanı var dünyanın.
Ya atılan olarsan,
ya da atan olarsan.
Ya satılan olarsan,
ya da satan olarsan.
Mən də atılmışlardanam,
Mən də satılmışlardanam.
Səbəbini bilmirəm, niyə atıblar məni?!
Dünyaya gəldiyim gün bəlkə də
seviniblər, göyə atıblar məni.
Bəlkə də əllərindən külək alıb aparıb,
Bəlkə qurbanlıq bilib fələk alıb aparıb.
Məni övlad bilənlər,
övladların içinə qatmağı unudublar.
Məni göyə atanlar tutmağı unudublar.
Mən atılmış yetiməm !!!
Mən atılmış yetiməm...
Hələ körpə yaşından bu həyatın qoynuna,
Sarılıb dərdlərimin, həsrətimin boynuna
Zindan adlı həyatın zindanında
döyülüb əqidəsin bərkidən,
Ömrünü sürə-sürə bu dünyanı tərk edən,
Bir sahibsiz, kimsəsiz,
ömrü nazsız, qəmzəsiz,
Bu dünyanın dərdinə, dərd adlı namərdinə,
Bir suyun qiymətinə,
Bir qoyun qiymətinə
Satılmış bir yetiməm.
Atılmış bir yetiməm.
Gah hansısa düzlüyün, həqiqətin yetimi,
Gah sonrası puç olmuş məhəbbətin yetimi.
İntizarın, həsrətin, acı qəmin yetimi,
Həm o dəmin yetimi, həm bu dəmin yetimi.
Bu aləmin yetimi,
Bu aləmin yetimi!!!
Ünvanım yetimxana, içim dərdlər adası.
Dünyanın taxtasında qurbanlıq piyadası...
Həyat çökdürüb məni, dizim sürtülüb çıxıb,
Göz yaşımı silməkdən gözüm sürtülüb çıxıb.
Mən dərdi həmdəm seçib, tənhalıqla danışan,
Göz yaşları sulara, torpaqlara qarışan,
Dərdimin manqalında,
Bəxtimin tonqalında çatılmış bir yetiməm.
Atılmış bir yetiməm....
Talehinə əzəldən kimsəsizlik yazılan,
Qəbri sağkən qazılan,
Soğan kimi soyulub, soyanları ağladan,
Məzarına qoyulub, qoyanları ağladan,
Bir işğalçı dovlətin əsiri tək, qulu tək,
Hər uduzan ağanın uduzduğu pulu tək
Dünyanın qumarına qatılmış bir yetiməm.
Atılmış bir yetiməm...
Mənim ən böyük suçum, mənim yetimliyimdir.
Ömrümə, talehimə qənim yetimliyimdir.
Tuşlayıblar bu sözü üstümə silah kimi,
Gəzdirmişəm bu adı üstümdə günah kimi.
Boğazlarda ilişən tikə olubdur bu ad,
Mənə həyatım boyu ləkə olubdur bu ad.
Can yığışıb boğaza, qulaqlarım doyubdur,
Mən yetim olmamışam,
məndən uzaqlaşanlar məni yetim qoyubdur...
Əlimdən tutmayıblar, əlim gödək olubdur,
Söz deyə bilməmişəm, dilim gödək olubdur.
Kim günah işləyibsə, mən olmuşam “səbəbkar”
Mən hamımın gözündə günahkaram,
Günahkar !!!
Üstündə yetimliyi tutulmuş bir yetiməm.
Atılmış bir yetiməm !!!
Dünya mənim evim deyil...
Dünya mənim evim deyil,
Evim olsa ağlamazdım.
Dünya mənim evim deyil,
Mən belə ev saxlamazdım!
Dünya mənim evim deyil.
Mən bir dərviş, mən bir qərib,
Məni bu gidi dünyaya
Səni göndərən göndərib.
Dünya mənim evim deyil.
Evim olsa yaşayardım,
Evim olsa mən köçəndə
" Veş-vüşümü" daşıyardım!!!
Dünya mənim evim deyil,
...Təməl tökmək istəyirəm.
Mən burdakı qazancımla
Bir ev tikmək istəyirəm.
Dünya mənim evim deyil,
Mən deyiləm bura yiyə.
Bu dünyanın öz yiyəsi
Özü burda qalmır, niyə?!
HAVAYI BİR ŞEYDİR.....
Havayı bir şeydir, havayı bir şey
Hər şey mənasızdır, eləcə boşdur.
Kiməsə xoş gəlir pis bildiyimiz,
Kimsə pis bildiyi bizlərə xoşdur.
Havayı bir şeydir dünyada var da,
Heç nəyin əsaslı təməli yoxdur.
Sən özün yoxsansa bir gün dünyada,
Bu gün var bildiyin deməli yoxdur.
Havayı bir şeydir, havayı bir şey
Üst-üstə arzular ucaltmağın da.
Kiminsə yolunda ömür sərf edib,
Özünü boş yerə qocaltmağın da.
Havayı bir şeydir, havayı bir şey
Sevgi də, nifrət də, qəzəb də, kin də.
Həqiqət Allahdır, həqiqət isə
Tapmaz öz əksini hansısa dində!
Axı nə fərqi var ağasan, qulsan,
Cahilsən, abidsən, kafirsən, bütsən?..
Havayı bir şeydir, havayı bir şey,
Onsuz da torpağın altında lütsən!
Havayı bir şeydir ölüb gedərkən
Sənin ağlayanın oldu, olmadı -
Kimsə yoxluğunu bildi, bilmədi,
Adın bu dünyada qaldı, qalmadı.
Baxıram,..
baxıram görə bilmirəm
Havayı şeylərdən savayı bir şey.
Bu dünya, o dünya, o biri dünya...
Havayı bir şeydir, havayı bir şey !!!