Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə Kürdəmir Qaz İstismar Sahəsinin (QİS) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
İstintaq
zamanı QİS-in rəis müavini Orxan Məmmədovun rayon sakinlərindən həmin müəssisəyə
işə düzəldəcəyi adı altında vəd verməklə ümumilikdə 1.760 manat məbləğində pulu
almasında, rayon ərazisindən keçən qaz borusunu çıxartmaqla metal tullantısı
kimi rayon sakininə 2.000 manata satmasında, həmçinin sahənin rəisi vəzifəsini
müvəqqəti icra edərkən rayon sakinləri tərəfindən qazdan istifadə ilə bağlı
ödənilən və özü tərəfindən yığılan ümumilikdə 1.430 manat məbləğində pul
vəsaitini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət
Məcəlləsinin 178.2.2 (dələduzluq), 178.2.3, 178.2.4, 179.2.2 (mənimsəmə), 179.2.3 və
179.2.4 -cü maddələri
ilə ittiham elan edilmişdir.
Bundan başqa,
QİS-də şöbə rəisi
vəzifəsində işləyən
Qabil Qurbanovun
öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq abonentlər tərəfindən qazdan istifadə ilə bağlı ödənilən 868 manat məbləğində pul vəsaitini
«Azəriqaz» İB ilə aralarında bağlanmış müqaviləyə əsasən «Komitec LTD» MMC-yə
ödəməli olduğu halda həmin pulu Orxan Məmmədova verməklə «Azəriqaz»
İB-nin qanuni mənafeyinə mühüm zərər vurmasında
şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham
elan edilmişdir.
Cinayət işinin istintaqı
tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir.