Sabah 20 noyabr Qarakənd üzərindəki vertolyot qəzasının növbəti ildönümüdür. Həmin qanlı gecədə Azərbaycanın demək olar ki, “qaymaqlar” terror qurbanı oldular.
Görkəmli alim, professor Rafiq Əliyev həmin qəza qurbanlarının demək olar ki, əksəriyyətini şəxsən tanıyanlardan və bir çoxu ilə yaxın dostluq edənlərdən olub. Xüsusən də onun Məhəmməd Əsədov və Tofiq İsmayılovla çox yaxın dostluq münasibətlərində olduğunu bilən Moderator.az saytı terror qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq onları Rafiq müəllimin diliylə bir daha yad etmək qərarına gəlib:
“Ta qədimdən hər bir millətin bel sütunu onun seçilmişləri olub. Ona görə də bir milləti məhv etmək üçün ilk növbdə onun seçilmişlərini, dəyərlərini məhv etməyə cəhd ediblər. Həmişə mənim üçün çox ağır xatirə olub ki, Azərbaycanın bu qədər dəyərli insanları-özü də istisnasız onların hamısı dəyərli insanlar idi-bir vertolyota niyə yığılıb. Bunu hər dəfə xatırlayanda özümə yer tapa bilmirəm. Bu qəzadan sonra hesab edirəm ki, Azərbaycanın inkişaf vektoru dəyişdi. O insanlar sağ qalsaydı, bəlkə də Azərbaycanın inkişaf vektoru başqa cür olardı. O ki, qaldı orda həlak olanlara, təbii ki, mənə ən yaxın olanı uşaqlıq dostum Məhəmməd Əsədov idi. Məhəmməd mənim bu dünyalı- o dünyalı dostum olub və çalışmışam ki, heç vaxt onu keçmiş zamanda təsəvvür etməyəm, onun yoxluğuyla barışa bilmədiyimdən onunla heç zaman keçmiş zamanda olduğu kimi danışmamağa çalışıram. Biz Məhəmmədlə həmişə bir yerdə olmuşuq. Hətta həmin faciə yaşanan gün o qayıtmalıydı, biz onların evində oturub şam yeməyi etməliydik. Bu günə kimi də bizim övladlarımız dostluq edir, ailələrimiz də müntəzəm əlaqə saxlayır bir-biriylə. Hətta deyərdim ki, Məhəmməd olan dövrdəkindən də bir az artıq ünsiyyət qurulub ailələrimiz arasında. Məhəmməd haqqında bu gün mənim üçün fikir bildirmək çox çətindir. Dostum olduğu üçün demirəm,onun iki fərqli xarakterik xüsusiyyəti vardı. Həm onun intellekti yüksək idi, həm də Məhəmməddə çox böyük cəsarət vardı. Yəqin onun keçdiyi həyat yollarından az-çox məlumatlısınız. Xüsusən də Qarabağ münaqişəsi onun dincliyini əlindən almışdı. Məhəmmədin yoxluğu həm millət, həm də məni kimi dostları üçün əvəzolunmaz itkidir. O ki, qaldı Tofiq İsmayılova, o da mənim çox yaxın dostum olub. Bizim çox isti peşə dostluğumuz da olub. Çox görkəmli bir şəxsiyyət idi, çox böyük intellekti olan ziyalı idi, geniş çevrəyə malik, Azərbaycanı çox böyük diapazonda tanıtdıra bilən böyük bir alim idi. Əfsuslar ki, biz bu cür, yeri hər zaman görünən insanları itirdik.”