Moderator.az-ın verdiyi xəbərə görə, 16-17 Noyabr 2013 tarixlərində BP Azərbaycan şirkətinin dəstəyi ilə Milli Paralimpiya Komitəsi Ağsu rayonunda Pouerlifting üzrə VII-ci açıq Azərbaycan çempionatı keçirmışdir. Çempionata 6 çəki dərəcəsi üzrə Bakı, Gəncə, Neftçala, Oğuz, Ağsu, Naxçıvan regionlarından 46 idmançı qatılmışdır.
Paralimpiyaçılar arasında müvafiq çəkilər üzrə ən yüksək nəticə göstərən Əlizadə Azər, Məhərrəm Əliyev, Elşən Hüseynov, Bəhlul Əliyev, Allahverdi Allahverdiyev, Əhməd Rəzmazər Respublika çempionları olmuşlar.
Tədbirdə Milli Paralimpiya Komitəsinin, Ağsu rayonu İcra Hakimiyyətinin , rayon Gənclər və İdman şöbəsinin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən ilk dəfədir ki, regionda rəsmi yarış təşkil edilir və gələcəkdə belə yarışların digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Məqsəd yeni idmançıların aşkar edilməsi və regionlarda fiziki qüsurlu insanların sağlam həyat tərzinə inteqrasiyasını təmin etməkdir.
Yarışın sonunda qaliblər diplom, medal, kubokla təltif olunmuş və onlara hədiyyələr verilmişdir.