Bayraq nədir?-deyə soruşan balam!
Nizə tək yad gözə batandı bayraq.
Verib sancıldığı torpağa salam
Yurdun təməlini atandı bayraq.
O mavi rəngində Turanı axtar,
Al rəngdə qanayan yaranı axtar,
Yaşılda İslamı, Quranı axtar,
Hər rəngə bir anlam qatandı bayraq.
İgidin qanına batıb allanır,
Şəhidə yorğandır qəbrə yollanır.
Görsən göydən enib yerə sallanır,
Bil ki, yerimizə utandı, bayraq.
Hələ qazanmadan şərəf cəngini,
Şeypurlar çalmadan marşı, cəngini,
Xəcalət rəngi bil, o al rəngini,
Sanma ki, qəflətdə yatandı bayraq.
Onu başı üstə qaldıran mərdi,
Qanına bələnib, göra göndərdi.
Onu ayaq alta salan namərdi
Gölgəsi altında tutandı bayraq.
Kiminin ümidi, kiminin baxtı,
Onunla bəzənib kiminin taxtı.
Məndən ayrı düşüb bir xeyli vaxtdı,
Nə əlim, nə ünüm çatandı bayraq.
Heydər, nə igidlər yola salsa da,
Yenə intizarda gözü dolsa da,
Kiminə səcdəgah, məbəd olsa da,
Kiminə adi bir kətandı bayraq”¦