Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mehdiabaddakı adsız küçələrdən birinə şəhid general Polad Həşimovun adı verilib.
Moderator.az-a açıqlamasında İcra Hakimiyyətinin bu təşəbbüsünü təqdir edən hərbi ekspert Şair Ramaldanov, qəhrəmanların xatirəsinin bu şəkildə əbədiləşdirilməsi və təqdir edilməsini alqışladığınını bildirib:
“Hər dövrün isə öz qəhrəmanı olur və xalq öz qəhrəmanını tanımalıdır. Bizim qəhrəmanlarımızdan biri də şəhidimiz, Milli Qəhrəmanımız rəhmətlik Polad Həşimovdur. Şəhdilərimizin, qəhrəmanlarımızın adının küçələrə, məktəblərə verilməsi, onların cəmiyyətdə təbliği prosesi hər zaman diqqət mərkəzində olmalıdır. Qəhrəmanların adları sadəcə onlara deyil, bütün xalqa məxsus addır. Ona görə də qəhrəmanların adları müxtəlif təhsil müəssisələrinə, küçələrə, gəmilərə və s. verilir. Biz hər hansı bir qəhrəmanın adını bu şəkildə əbədiləşdirməklə onu da, onun göstərdiyi qəhrəmanlığı da yaşatmış oluruq.
Qəhrəmanlarımızın xatirəsini əbədiləşdirməkdə bir məqsədimiz də ondan ibarətdir ki, gənc nəsillər onları tanısın, onların həyat yolunu öyrənsin, onlar da lazım gələndə qəhrəmanlarımızın atdığı addımları nümunə götürərək təkrarlasınlar. Vətənlərini sevsinlər, onu qorusunlar, vətən üçün lazım gələndə canlarından belə keçməyə hazır olsunlar. Bununla da xalqı, vətəni yaşatsınlar.
Belə qəhrəmanlar olmasa biz nə qələbə, nə də təhlükəsizlik haqqında düşünə bilərik. Bizim qəhrəmanlarsız nə nüfuzumuz, nə də dəyərimiz olmaz. Cəmiyyətə, xalqa dəyər gətirən, nüfuz qazandıran, ucalıq bəxş edən qəhrəmanlarıdır. Küçələrə, məktəblərə qəhrəmanlarımızın adının verilməsi də xalqın onlara olan sevgisidir. Mən bu məsələləri diqqətdə saxlayan məmurlarımıza da öz təşəkkürümü bildirir, Abşeron Rayon İcra Hakimiyyətinin bu təşəbbüsünü alqışlayıram”.
Seymur ƏLİYEV