Vallah, ya bu ruslar ağıllarını itiriblər, ya da bu işin içində bir iş var. O “gavur”ların təbirləriylə desək, "qara millətlər”ə qarşı yürüdülən diskriminasiya siyasəti ilk növbədə Rusiyanın öz maraqlarına ziddir. Zira bu dövlət nə qədər kağız üzərində olsa belə federal xarakterə malikdir. Federasiya subyektlərinin özlərini idarə etmək haqları tam mənasıyla həyata keçirilməsə də hər halda bu ölkənin müxtəlif etnik kökənliləri müəyyən ərazilərdə kompakt şəklində yaşayırlar. “Qara”lara hücum isə istər-istəməz onları narahat edir, hüzurları pozulan vətəndaşların öz başlarının çarələrinə baxmaqdan başqa seçimləri qalmır.
Digər tərəfdən Rusiyada yaşayan
azərbaycanlıların sıxışdırılmasının səbəbini ölkəmizi zorla Avrasiya Birliyinə
cəlb etmək təşəbbüsü kimi qiymətləndirmək də inandırıcı görünmür. Axı adətən,
bir evliliyin baş tutması üçün tərəflər bir-birinin nazına qatlanmalıdıırlar. Harda
kimisə döyə-döyə kəbin masasına dəvət edirlər? Rusiya oradakı soydaşlarımızı
döyürsə, deməli, artıq bu evliliyin baş tutacağına inanmır və bizdən girov
götürdüklərini geri qaytarır. Əgər həqiqətən belədirsə, bəs avropalılar
seçicilərin 84%-nin səsini qazandığını elan edən hökumətimizə niyə dəvə
nalbəndə baxan kimi baxır. Olmaya, o da iki adaxlısı olan qızın əli dəyənəkli
tərəfi seçə biləcəyindən ehtiyatlanır? Zarafatı bir tərəfə qoyaq, hazırda
hakimiyyətin həm Rusiya, həm də Qərb tərəfindən gözümçıxdıya salınması məndə
adaxlının iki yox, bir olduğu fikrini yaradır. Əks təqdirdə adaxlılardan biri
digərinin kəlpeysərliyindən istifadə edib bizə öz ağuşunu daha geniş açardı.
Amma nədənsə bunun tam əksini görürük. Sanki hamı bizimlə əli zopalı danışır.
Elə buna görə də Rusiyada baş verən hadisələrin; yəni ultramillətçilərin
azərbaycanlılara qarşı hücumlarının rus siyasi iradəsindən qaynaqlandığına inanmağım
gəlmir. Mümkündür ki, həmin ultramillətçiləri alovlandıran kibriti Rusiyanın
qərbində hansısa barmaqlar yandırıblar. Rusiya hakimiyyəti isə sadəcə barıt
çəlləyi kimi partlayan ölkədə aciz duruma düşüb və odun üstünə su tökməkdən
çəkinir. Bunun da səbəbi var. Axı adətən, alov güclü olarsa onun üstünə tökülən
azacıq su nəinki yanğını söndürməz, əksinə, bəlkə də daha sürətlə yanaraq
ətrafa sıçramasına gətirib çıxara bilər. Görünən budur ki, Moskvada başlayıb
Ukraynanın ruslar yaşayan şəhərlərinə qədər sıçrayan bu atəş yalnız
azərbaycanlıları yandırmaq üçün nəzərdə tutulmayıb. Kim bilir, bəlkə ruslar
bizdən daha betər yanacaqlar. Söhbət əlbəttə, öləndən sonra cəhənnəmdə
yanmaqdan getmir. Mənim qorxum bizim də, rusların da öz ölkəmizdə cəhənnəm
atəşində yanmaq ehtimalıyla bağlıdır. Hələlik Rusiyada başlayan bu atəş onun
etnik cəhətdən həssas nöqtələrini qıcıqlandırmaqla, ölkəni vətəndaş
müharibələrinə düçar etməklə, iqtisadi cəhətdən çökdürməklə qalmayacaq, həm də
bu gün şimala bir tikə çörək dalınca gedən “qara millətlər”in nümayəndələrini
öz başlarının çarələrini öz ölkələrində axtarmağa məcbur edəcək. Bununla da
yanğın bütün post-sovet məkanını bürüyəcək. Kim nə deyir, desin, mən şəxsən bu
yanğının tüstüsündən ayrı qoxu hiss edirəm.