Təbii ki, gündəmin ən aktual mövzuları prezidentin ildırımsürətli inauqurasiyası və Orxan Zeynalova qarşı Moskvada törədilən vəhşilikdir. Siyasilər demişkən, hesab edirəm ki, yaxın bir neçə günün də başımızı-beynimizi aparan mövzuları elə bunlar olacaq. Çünki biz bir millət olaraq ciddi məsələlərdən deyil, dedi-qodulardan ötrü ölürük və bir şeyin şitin çıxarmayanadək əl çəkən deyilik. Mənsə nisbətən fərqli mövzudan bəhs etmək üçün özümü klaviaturanın üstünə yıxmışam. Üstəlik, məncə bu mövzu heç də yuxarıda qeyd etdiyim iki məsələdən az aktual deyil.
Dünən informasiya qıtlığından əziyyət çəkən cəmiyyətin göbəyini
yerinə salmaq üçün inauqurasiya başa çatar-çatmaz deputat Zahid Orucla əlaqə
saxlayaraq təəssüratlarını soruşdum. Prezidentin Milli Məclisə təşrif buyurmasından ağızdolusu danışan deputat bunu
İlham Əliyevin Azərbaycan parlamentinə göstərdiyi münasibətin təzahürü kimi
qiymətləndirməyə çalışdı. Bildirdi ki, bəs necə, hakimiyyətin ən mühüm qollarından
biri olan parlamentdə andiçmə mərasiminin keçirilməsi qərarı İlham Əliyevin bu
instituta etimadının əlamətidir və bundan sonra parlamentin də, deputatların da
xətir-hörməti xeyli artacaq...
Nə deyirəm, Allah ağzından eşitsin, yalandırsa doğru olsun, gerçəkdən
də həm biz, həm bizi kənardan müşahidə edib məsxərəyə qoyanlar parlamentin nəhayət,
urvata mindiyinin şahidi olsunlar. Sizləri bilmirəm, mən ən qısa zamanda Zahid
Orucun qənaətinin nə dərəcədə doğru olub-olmadığını yoxlayacam. Daha doğrusu,
mənim iradəmdən asılı olmayaraq parlamentin, deputatların prezident yanında
hörmətə malik olub-olmadıqlarını test etməli olacam. Qondarma ittihamlarla həbs
edilən həmkarım Pərviz Həşimlinin azadlığa
demirəm, heç olmasa zaminə və ya ev dustaqlığına buraxılması üçün imzatoplama
kampaniyasına başlamışıq və xeyli deputat da bura imza atıb. Qərara almışıq ki,
20-dən yuxarı deputatın imzasıyla hazırlanmış xüsusi müraciəti dünən Milli
Məclisdə konstitusiyamıza və müqəddəs kitabımıza əl basaraq and içmiş İlham
Əliyevə göndərək və ondan həm andına, həm parlamentə necə münasibət sərgilədiyini
gözləyək.
Yeri gəlmişkən, bu günədək istintaq altında və ya cəzaçəkmə
müəssisəsində olan bu və ya digər şəxslə bağlı bir neçə deputatın imzasıyla
prezidentə, baş prokurora müraciətlər edildiyinin, ancaq heç bir epizodda bu
xahişlərin nəzərə alınmadığının şahidi olmuşuq. Ən axırıncı Qurban Məmmədovla
bağlı 10 deputat baş prokurora müraciət etmişdi ki, ehtiyatsızlıqdan qəza törətmə
cinayətinə görə qanunsuz olaraq həbsə atılan tanınmış hüquqşünası heç olmasa ev
dustaqlığına buraxsınlar. Müraciətə əməl etməmək bir yana, heç ona cavab
verilməsinə də lüzum görməmişdilər. Hətta baməzəliyindən qalmayan politoloq
Hikmət Hacızadə müxbirimizə demişdi ki, əgər 10 deputatın əvəzinə prezidentin
akademik əmisi Cəlal Əliyev xahiş etsəydi nəsə gözləmək olardı, ancaq
deputatları saya salmazlar. Bütün bunlar onu deməyə əsas verirdi ki, bu ölkədə
parlament Prezident Administrasiyasının notariat kontoru funksiyasını oynaması
azmış kimi, o qədər urvatsızdır ki, adi cinayət işində belə onlarla deputatın
xahişinə məhəl qoyulmur...
Amma indi Zahid Oruc and-aman edərək məni inandırmaq istədi ki,
budəfəki inauqurasiyadan sonra deputatların qədir-qiymətimi birə beş artacaq,
onlarla hesablaşacaqlar. Gözdə-qulaqda
olun, tezliklə hamımız birlikdə öyrənəcəyik ki, bu ölkədə Parlamentin, konstitusiyanın,
“Qurani-Şərif”in hörməti, qiyməti nə qədərdir. Pərvizin məsələsi hər sualın
cavabı olacaq. Özü də elə cavab ki, kimsənin burcutmasına yer qalmayacaq...