Oktyabrın 4-də Səbail Rayon Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb. Moderator.az-a aşıqlama verən vəkil Elçin Sadıqov deyib ki, məhkəmə vəsatəti təmin etməyib.
Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər.
Pərviz Həşimli “Bizim yol” qəzetinin parlament müxbiri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədridir. O, sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.