Ötən gün prokurorluq işçiləri ”“ Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları qarşısında çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycan özünü xarici risklərdən qoruya bilib: “Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana heç bir təsir etmir. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır. Eyni zamanda, iqtisadi sahədə də dünyada gedən xoşagəlməz proseslər Azərbaycana təsir etməyib. Dünyada beş ildən artıqdır maliyyə və iqtisadi böhran hökm sürür. Ancaq Azərbaycanda vətəndaşlar bunu hiss etmirlər. Əksinə, maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Yəni dünyada baş verən iqtisadi çətinliklərdən də özümüzü qoruya bilmişik. Belə olan halda cəmiyyətimizi, dövlətimizi korrupsiyadan da qorumalıyıq və qoruyacağıq.
Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır.
Hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsi və əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaq. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır.
Biz bütün sistemimizi şəffaflaşdırmalıyıq. İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır. Ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq. Son illər ərzində bu sahədə aparılan işlər öz nəticəsini verməkdədir. Beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İldən-ilə korrupsiya reytinqi, - əgər belə demək mümkündürsə, - Azərbaycanda yaxşılaşır.
Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə var. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir”.