Yazıma ADP sədri Sərdar Cəlaloğlunun bir məhşur fikriylə başlamaq istəyirəm. O, kitablarının birinin ön sözündə çox diqqətçəkən bir qeyd yazıb- Bu kitabı ona görə yazmağı bacardım ki, yazmamağı bacarmadım. Elə mən də təxminən eyni ovqatdayam-bu yazını ona görə yazmağa məcbur oldum ki, yazmamağa sadəcə qoymadılar. Bəli, həmkarım, bir çox məqamlarda siyasi baxışlarımız üst-üstə düşmədiyindən peşə fəaliyyətimiz mübahisələr içində keçsə də acılı-şirinli günlərimizi birgə paylaşdığımız dostum Pərviz Həşimlidən, onun qondarma ittihamlarla həbsindən yazmaq niyyətindəyəm.
Yadınızdadırsa hələ aylar-illər öncə yazılarımda qeyd edirdim ki,
daha bu məmləkətdə kimsə məni hansısa əməliylə, nə iləsə heyrətləndirə bilməz.
Mən hansı ölkədə yaşadığımın və bu ölkənin yazılmamış qanunlarla necə saat
mexanizmitək idarə olunduğunun fərqindəyəm.
Ancaq deyəsən tələsmişəm və Pərvizin həbsi məni o qədər heyrətləndirib ki, bunu
sözlə ifadə etməkdə adam gerçəkdən zorlanır. Bəzən bizi Afrika və ya latın
Amerikasının geridəqalmış ölkələriylə, yaxud Yaxın Şərqin diktatura sistemləriylə
müqayisə edirlər. Heç vaxt bununla razılaşmamışam və bu cür paralellər
aparılmasına qarşı çıxmışam. Düşünmüşəm ki, necə də olmasa biz Avropa ilə
Asiyanın kəsişməsində olan, Şərqdə ilk demokratik cümhuriyyət qurmaqla tarixə,
bu tarixi saxtalaşdırmaq üçün islam dünyasına qarşı “səlib yürüşü”nə çıxmış Qərb
dünyasına meydan oxuyan bir məmləkətin
övladlarıyıq və siyasi baxışlarımızdakı fərqlərə baxmayaraq bu məmləkətin
iqtidarlı-müxalifətli nümayəndələri nimdaşlaşmış, üfunət iyi verən dünyagörüşü
özlərinə yaxın buraxmazlar. Deyəsən bu qənaətimdə də yamanca yanılmışam və Pərvizin
həbsinə istər bir çox həmkarlarımın, istərsə də sosial şəbəkə istifadəçilərinin
reaksiyası, eyni zamanda az qala bəzilərinin bu həbsə haqq qazandırması ondan xəbər
verir ki, vətən övladlarının mənəvi dünyalarına da virus yoluxdurulub. Bu azmış
kimi bəzi üzdəniraq öncəgörənlərin bulanıq suda olmayan balığı tutmaq həvəsləri
də gerçəkdən ürəkbulandırıcıdır. Axı bu ölkədə kimin kim olduğunu, hansı dinə-məzhəbə
qulluq etdiyini, kimin və hansı qüvvənin təsiri altında və ya yanında olduğunu
bilmək heç də çətin deyil. Konkret moderator.az saytına gəldikdə isə sifarişli
münəccimlərin diqqətinə ərz edirəm ki, mən heç vaxt kiminsə oyunçusu və barəsində
böyük ehtirasla heç bir əsası olmayan nağıllar uydurduğunuz məmurlarla qaranlıq
sövdələşmə iştirakçısı olmamışam. Nə kiminsə pulunu görmüşəm, nə sifarişini.
Bunu qanun qarşısında da sübut edə bilərəm, şəriət qarşısında da. Pulsuzluqdan
fəaliyyət göstərdiyimiz bir neçə ayda nə kollektiv formalaşdıra bilmişik, nə hər
birimiz yazmağa kompüter tapmışıq. Yəqin ki, çoxları buna inanmayacaq, hər ay
müxtəlif texniki ödəmələrin vaxtı gələndə ona-buna ağız açıb borc pul götürmək
zorunda qalmışıq. Pərvizin maşının da kreditlə götürdüyünə kim inanmırsa bunu
heç çətinlik çəkmədən öyrənə bilər. Ona görə də hər kəsə səslənirəm ki,
başqasının əleyhinə qondarma öncəgörmələr quraşdıranda ehtiyatlı olsunlar və
unutmasınlar ki, eyni aqibət hökmən bir gün onları da haqlayacaq. Çünki şər-böhtanın
da “srok”u oğurluq və fahişəlik kimi 40 gün çəkir.
Şəxsən mənə gəldikdə isə tanımayanlara bildirim ki, nəinki media cameəsində,
siyasi düşərgədə də ən kristal bioqrafiyalı şəxsin kimliyini müəyyənləşdirsələr,
qarşılarına ilk öncə adım və soyadımın çıxacağına əminəm. Ancaq təbii ki, bu
ölkədə heç kim göydəndüşəmə ittihamlardan sığortalanmayıb və sabah məni Suriyada kimyəvi silah işlətməkdə və hətta Bəzz
qalasını yandırmaqda ittiham edə bilərlər. Bu zaman yəqin ki, Pərvizin əlindəki
alışqan tapançayla bağlı şərəfsiz şərhlər yazanlar məni də günahkar çıxaracaq qədər
özlərini sifarişçiləri qarşısında aşağılayacaqlar...
Zülfüqar Hüseynzadə