“Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimləri düşmənə sadəcə xəbərdarlıq mesajı deyil
Bu gün Azərbaycan və
Türkiyə hərbçilərinin birgə təlimləri başa çatıb. Sabah isə Azərbaycanın xarici
işlər naziri Türkiyəyə səfər edəcək.
Maraqlıdır, Azərbaycan-Türkiyə
münasibətlərinin mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Bu münasibətlərin
daha da inkişaf etdirilməsi, konfederasiya və s. kimi birlik formasında yeni bir
mərhələyə qaldırılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama
verən millət vəkili Fəzail Ağamalı bu münasibətlərin sürətlə inkişaf etdiyini və
gələcəkdə də inkişaf etməkdə davam edəcəyini vurğulayıb:
“Azərbaycan-Türkiyə
münasibətləri öz yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu münasibətlər bütün sahələri
əhatə edir. Bu, heç də təsadüfi deyil. Ulu öndərimizin dediyi kimi, biz bir
millət, iki dövlətik.
Hörmətli Rəcəb Tayyib Ərdoğanın
hakimiyyəti illərində Türkiyə çox gücləndi. Onun rəhbərliyi dönəmində Türkiyənin
dövlətçiliyi daha da möhkəmləndi. Beynəlxalq aləmdə nüfuzu daha da artdı.
Vaxtiylə Türkiyəni küncə sıxışdıran Qərb, indi Türkiyənin gücü ilə hesablaşmalı
olur. Türkiyə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan sürətlə inkişaf
etməkdədir. Türkiyənin bu cür sürətli inkişafında böyük dövlət adamı, Azərbaycana
böyük sevgisi olan çox hörmətli R.T.Ərdoğanın misilsiz rolu var. Türkiyə bu gün İraq,
Suriya, Livan kimi ölkələrdə də öz hərbi qüdrətini ortaya qoyur. Türkiyə
Qafqazda da xüsusi aktivlik sərgiləyir və Azərbaycanı birmənalı şəkildə müdafiə
edir.
Tovuz istqiamətində gedən
döyüşlərdə Türkiyə həm XİN, həm Müdafiə Nazirliyi, həm də ölkə prezidenti səviyyəsində
ciddi mövqe ortaya qoydu, Ermənistana və onun arxasındakı ölkələrə əhəmiyyətli
mesajlar verdilkər. Bunun üstündən çox keçməmiş Türkiyə ilə Azərbaycan arasında
bugünə qədərki təlimlərin ən uzunu və irimqiyaslı keçirildi. Bu təlimlər
işğalçı və onun havadarlarına sadəcə xəbərdarlıq mahiyyəti daşımırdı. Bu təlimlərdə
həm də, gələcəkdə ehtiyac olarsa, Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin
birgə hərbi əməliyyatlarda iştirakının üsul və formaları məşq edildi.
Son vaxtlar Türkiyənin Azərbaycanda
hərbi baza yerləşdirməsi ilə bağlı təkliflər səslənir ki, bu da tamamilə
mümkündür. Ehtiyac olarsa, dövlət başçıları səviyəsində bu məsələ öz həllini
tapa bilər. Bəzi şəxslər konfederasiya ilə bağlı da fikirlər səsləndirir. Hesab
edirəm ki, bu, indiki zaman kəsimində o qədər də aktual deyil. Ola bilsin ki, gələcəkdə
türkdilli dövlətlərin fəaliyətini əlaqələndirəcək yeni formatlar meydana çıxsın.
Bu, istisna deyil.
Türkiyə ilə Azərbaycan
arasında münasibətlər ən yüksək səviyyədədir. Iki dövlət asrasında münasibətlər
bundan sonra da inkişaf etməkdə davam edəcək. Bu cür müttəfiqlik cənab İlham
Əliyevin dediyi kimi, dünya dövlətlərinin heç birinin arasında yoxdur. Bu
münasibətlə hər iki dövlətin strateji maraqlarına tamamilə uyğundur və onların
inkişafına öz töhfəsini verməkdədir”.
Seymur ƏLİYEV