Ukrayna MDB ölkələrinin sərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqda sazişdən çıxmaqla bağlı qərar qəbul edib. MDB ilə imzalanan digər sazişlərin də Ukrayna tərəfindən təftiş edildiyi bildirilir.
Maraqlıdır, Ukraynanın
MDB-dən çıxması reallaşarsa, bu, digər dövlətlərin də bu qurumdan çıxması üçün
psixoloji zəmin yarada bilərmi? Belə bir addımın atılması MDB-nin aqibəti
baxımından nə ilə nəticələnə bilər?
Moderator.az-a
açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov
hər hansı bir dövlətin bu qurumdan çıxmasının MDB-nin gələcəyinə təsir göstərməyəcəyini
vurğuladı:
“90-cı illərin əvvəlində Rusiya və Ukrayna rəhbərləri hesab edirdi ki, belə bir qurumun yaranması SSRİ-nin dağılmasının nəticələrini yumşalda bilər.
MDB müxtəlif dövlətlərin birliyidir. Amma bu, heç də o
demək deyil ki, hər hansı bir dövlət MDB-də təmsil olunduğu üçün dünya siyasətində
öz maraqlarına zidd addım atacaq. Burada heç bir məcburiyyət yoxdur. Bu qurumun
əsas üstünlüyü budur ki, burada təmsil olunan ölkələr arasında viza rejimi
yoxdur. Bu, müsbət bir haldır. Mən başqa üstünlükləri görmürəm.
Ukraynanın
MDB-dən çıxması təbii bir prosesdir. Ukrayna Avropa ittifaqına üz tutub.
Gürcüstan da NATO və Avropa İttifaqına daxil olmağa cəhd edir. Bizim üçün də
MDB o qədər də böyük əhəmiyyət daşımır. Buna görə də bu ölkələrin MDB-dən
çıxması və ya bu qurumda qalması MDB-nin gələcəyi üçün heç bir məna daşımır”.
Seymur ƏLİYEV