Göyçayın
Qarağıdır kəndində yaşayan 27 yaşlı Gülxanım İbrahimova 5 il bundan əvvəl Rəşid
İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Gülxanımın sözlərinə görə, həyat
yoldaşının sonsuzluq problemi olub. Qızın ailəsi iddia edir ki, oğlanın atası
42 ildir həmin kənddə məktəb direktorunun müavini işləyən Rauf İbrahimov
vaxtilə tələbəsi olan gəlinini min bir yolla aldadaraq və gözünü qorxudaraq onu
zorlayıb. Gülxanım deyir ki, dəhşətli hadisədən sonra dəfələrlə özünə qəsd
etmək istəyib. Amma bundan xəbər tutan ərinin ailəsi isə hər vəchlə onun
qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan gəlin bunu
valideynlərindən gizlətsə də, qaynanası və ərindən gizlətməyib. Amma ailə bunu
ört-basdır etməyə çalışıb.
Şikayətçi
Gülxanım İbrahimova: “Deyirdi ki, o elə bir sözdür ailəndə, orda burda açarsan.
Heç kim sənə inanmayacaq. Sən belə götürəndə kimsən ki, məni bütün
kənddə-kəsəkdə tanıyırlar. Hamı bilir ki, mən Rəşid müəllimin oğluyam. Mənə
deyirdi, səni yatdığı yerdə öldürəcəm. O kəlməni desən, o sözü desən. Mən də
qaçdım getdim, xarabalıqda bir ev vardı ora”.
Nəhayət
ata evinə qayıdan Gülxanım deyir ki, keçirdiyi psixi gərginliyin zorlanmanın
təsirindən dolayı yarandığını və sirri gizlətdiyini valideynlərinə açır. Amma
valideynləri ilk əvvəl də həmin ailənin ziyalı olduğunu əsas gətirərək
qızlarına inanmasalar da, sonradan polisə şikayət ediblər.
Gülxanımın
anası Solmaz İbrahimova: “Yaxşı ailə olublar, müəllim ailəsi olublar vermişik. Cibləri
yaxşı olub vermişik. İndiyəcən yaxşı olublar. Oğlu da bir az fiziki cəhətdən
nasazdır. Uşaqdan ötrü deyib bu həyət bu baca kimə qalacaq. Qorxusundan
deməyib. Deyib əgər desən səni yerində öldürəcəm”.
Gülxanım
və valideynlərinin ittiham etdiyi ailədə də olduq. Qaynata razı olmasa da
qaynana, ingilis dili müəllimi Gülxar Məmmədova və Gülxanımım əri Rəşid
bildirdilər ki, ailəyə şər atılır. Onların sözlərinə görə, əslində gəlinin 5
ildə bir sıra əxlaqsız hərəkətlərinə göz yumublar.
Gülxanımın
qaynanası Gülxar Məmmədova: “Bizim ailə sakit ailə olub, ömrümdə söz-söhbət
olmayıb. Gəlin də aldıq gətirdik. Bizim oğul da bir az narahatdır. Gələndən
sonra onun şıltaqlıqlarına göz yumduq, nalayiq hərəkət elədi. Mesajın tutdum. Yenə
də üstündən keçdim ki, uşaqdır bilməyib, qanmayıb. Ondan sonra da davam elədi. Son
vaxtlar da aqressivləşdi”.
Gülxanımın
əri Rəşid İbrahimov: “Mənim atam bu kənddə ağsaqqaldır. Kənd onu tanıyır,
başına and içir. Mən atamı elə şeydə günahlandıra bilmərəm. Mənim atam elə
yolun yolçusu deyil”.
Zərərçəkən
ailə rayon polis şöbəsinə şikayət edib. Ordan isə baxılması üçün iş
Prokurorluğa təhvil verilib. Prokurorluqdan isə bildirdilər ki, qız tibbi
ekspertizadan keçib və rəyi açıqlandıqdan sonra günahkarın kim olacağı aydınlaşacaq”.