“Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Tahir Süleyman bir neçə gün öncə Moderator.az-a açıqlamasında Azərbaycanda yaşayan kürdlərin sayi ilə bağlı mübahisə doğuracaq fikirlər səsləndirmişdi. Odur ki, onunla bu barədə ətraflı danışaraq iddia etdiyi statistikanı hardan götürdüyü ilə maraqlandıq. Onun sensasiya doğuracaq fikirlərini təqdim edirik.
- Hazırda Azərbaycanda nə qədər kürd yaşayır?
- Rəsmi məlumatlara görə, Azərbaycanda yaşayan kürdlərin sayı 13 mindir. Ancaq bu, doğru məlumat deyil, Azərbaycanda yaşayan kürdlərin sayı əslində təxminən iki milyon, iki milyon yarım civarındadır. Mən say məsələsi ilə bağlı narazılığımı Dövlət Statistika Komitəsinə bildirmişəm. Görəsən bu idarədə bir nəfər ağıllı adam varmı? Heç olmasa köhnə statistikalara baxib rəy verəydilər.13 min bir kəndin əhalisidir. Heç başqalarını demirəm, qohum-əqrəbamın sayı 13 min olar.
1920-ci ilin statistikasına görə təkcə Kürdüstan qəzasında 280 min kürd olub. Özünüz də bilirsiniz ki, hazırda dünyada ən böyük artıma malik olan xalqlardan biri də kürd xalqıdır. Yaxşı, bu 93-ildə artim olmadi, bəs onda 280 min hara yoxa çıxdı? Hər halda kosmosa uçmadılar.
Qarabağdan, keçmiş Kürdüstan qəzasından ermənilər tərəfindən didərgin düşən kürdlər, hazırda Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. İndi güclü assimilyasiya gedir. Belə getsə, yaxın illərdə respublikada kürd dilində danışan bir ailə də tapılmayacaq.
Bu məsələ ilə bağlı Prezidentə müraciət etmişdik ki, yerlərdə kürd dilinin öyrənilməsinə, kürd adət-ənənəsinin itməməsinə şərait yaradılmalıdır. Bundan başqa Azərbaycanda yaşayan azsaylı xalqlara İTV efirində heç olmasa həftədə bir saat vaxt verilməlidir. Dünyada 64 milyon kürd xalqı var. Heç olmasa dünya kürdlərinə çatdıraq ki, ermənilər keçən əsrin əvvəllərindən başlayaraq günümüzə qədər başımıza nələr gətiriblər.
Şükr ki, bu gün Türkiyədə illərdən bəri gedən münaqişəyə son vermək üçün barışıq addımları atılır, biz də öz tərəfimizdən bu barışığa “alqış” deyərək, dəstək veririk. İki qardaş xalqların arasına yüz ildən artıqdır ki, münaqişə salmışdılar. Arada kasıb-kusub, türkün-kürdün balaları ölürdü. Hesab edirəm ki, Ərdoğan doğru mövqedədir, bu məsələ öz həllini çoxdan tapmalı idi.
Türkiyənin elə gözəl coğrafi təbii şəraiti var ki, qardaşlar arasında problem olmasa, Türkiyə qısa bir vaxtda dünyanın öndə gedən dövlətlərindən birinə çevrilə bilər.
Təsəvvür edin, Atatürkün və onun tərəfdarlarının düzgün olmayan siyasətinə görə, 80 ildir Türkiyədə qarşıdurmalar yaranaraq, bu günümüzə qədər gəlib çıxıb. Kürd xalqının indiyə qədər cümhuriyyət dönəmində 170-dən çox silahlı üsyanları baş verib. Bu üsyanlar Fransanın, Türkiyənin, Çar Rusiyasının, keçmiş SSRİ-nin və başqa dövlətlərin hesabına yatırılıb. Ümumiyyətlə silah satan dövlətlər, maraqlı qüvvələr səbəb olublar ki, türk və kürd qardaşlar bir-birini qırsın və Avropanın astanasında olan müsəlman Türkiyə dövləti güclənməsin. Düşünün, bu illər ərzində, silahlara verilən pullar Türkiyənin və bölgənin rifahına yönəldilsəydi, təsəvvür edin, Türkiyənin inkişafında nələr əldə etmək olardı.
Türkiyədə son 40-illik PKK münaqişəsi ilə bağlı 5 min kürd kəndi boşaldılaraq böyük şəhərlərə, metropollara daşınıb. 5 min kənd bir Azərbaycan deməkdir. 5 min kəndin şagirdi, müəllimi, çobanı, əkinçisi, biçinçisi, həkimi, polisi, sadə vətəndaşları şəhərlərə köç etdi, kəndlər boş qaldı. Əkin-biçin, maldarlıq inkişaf etmədi. İstər-istəməz dövlətin iqtisadiyyatına ağır zərbə dəydi, çətinliklər yarandi. Ona görə də bu kəndləri bərpa etmək lazımdır, insanlar öz kəndlərinə, doğma yerlərinə qayıtsın. Bəzi qüvvələr bu çətinlikdən istifadə edərək, Türkiyəyə borc kredit verərək özlərindən asılı vəziyyətə salmağa çalışdılar və qismən məqsədlərinə çatdılar.
Kürdlər nə istəyir? Özlərinin adi insani haqlarını. Heç kimin ixtiyarı, haqqı yoxdur ki, Allahın yaratdığı hər hansı bir milləti assimiliyasiya etsin və ya kölə halına salsın. Türkiyə dövləti ümum düşmənimiz olan ermənilərə verdikləri insani haqları kürd və orda yaşayan başqa xalqlara da versəydilər 80-illik münaqişə olmazdı. Ermənilərin Türkiyədə bütün milli haqları, siyasi şəraiti var. Niyə Türkiyə dövləti İran rəhbərliyindən tələb etmir ki, qardaşlarımızın insani hüquqlarına hörmətlə yanaşsınlar, mədəni haqlarını versinlər?
- Deyirsiniz Azərbaycanda 2,5 milyon kürd var. Bu rəqəmi hardan almısınız?
- 280 min nəfərə uyğun təxmini hesablama aparın, bu 93 ildə dediyim rəqəmdən artıq olar, əksik olmaz. Mənim təxmini hesablamalarıma görə 2,5 milyondur. Hələ mən Ermənistandan 1937-ci, 1948-ci illərdə gələnləri, başqa yerlərdən köçənləri demirəm. Sırf Azərbaycanda yaşayan kürdləri deyirəm.
Tarixən heç vaxt azərbaycanlılarla kürdlər arasında qarşıdurma olmayıb. Sultan bəy, Qaçaq Nəbi, Koroğlu kimi qəhrəmanlar hər zaman bu xalqlara dayaq olublar, kasıb-kusubun arxasında durublar. Andronik kimi dəyyusu qovan, Qarabağ əhalisini erməni qırğınından xilas edən Sultan bəyi təəssüf ki, həbs elədilər, Nərimanov işə qarışandan sonra buraxdılar, İran qəbul eləmədi, Türkiyəyə getdi. Orda vəfat etdi, Qaçaq Nəbi İranda dünyasını dəyişdi, xalqın qəhrəmanına niyə burda qalmağa imkan vermədilər?
- Dövlət yaratmaq istəyən kürdlərin öz əlifbası var?
- Var, necə yoxdur. Kürdlərin 5 min illik tarixə malik olan əlifbası olub. Və bu sırf kürd xalqına aid olub. İslama qədər o qədim əlifbadan istifadə olunub. İslamdan sonra kürdlər başqa xalqlar kimi islam dinini qəbul edərək ərəb əlifbasından istifadə etmişdilər. Sovet dövründə 1934-cü ilə qədər latın, sonra isə kiril əlifbasından istifadə edilib. Sovetlər dağılandan sonra yenə latın əlifbasına keçid baş verib. İranda və Şimali İraqda fars və ərəb əlifbasından istifadə edirlər. Hazırda qədim əlifba istifadə olunmur, ancaq hərflərin varlığı və onu təsdiq edən sənədlər var.
- Müxtəlif ölkələrdə yaşayan kürdlər bir-birlərini anlamaqda çətinlik çəkirlər. Bunu nə ilə izah etmək olar?
- Belə demək olmaz, müəyyən ləhçə fərqi var. Məsələn, mən tələbə olan zaman şəkili bir tələbə yoldaşım vardı. Onu ikinci kursa qədər anlaya bilmirdim. Kürdlərdə də təxminən buna bənzər şivə problemdir. Kürdüstan 5 yerə parçalanıb deyə, hər ölkədə kürd dilini həmin dövlətin rəsmi dilinə uyğunlaşdırıblar. Şivə fərqi var, sən deyən elə böyük fərq yoxdur. Bir həftə bir yerdə qalmaqla nədən danışdıqlarını başa düşmək olur.
Kürdlərin beş ləhcəsi var. Ləhcələr arasında müəyyən fərqlər var. Cüzi anlaşılmazlıq bundan yaranır. Amma sözlərin kökü eynidir.
- Kürdüstan dövləti iddiaları var. Ümumiyyətlə Kürdüstan hansı coğrafiyanı əhatə edir?
- Osmanlı imperiyası yaranmamışdan qabaq Kürdüstan imperiyası olub. Bəziləri Med deyirlər, bəziləri başqa cür adlandirirlar, bunlar müxtəlif adlara malikdir. Med imperatorluğu- Əfqanıstanı, Pakistanın yarısını, Hindistanın bir qismini, Tacikistanı, Dərbəndi, Gürcüstanı, indiki Türkiyənin bir hissəsini, Ərəbistanı, İranı və Şimalı İraqı əhatə eyləyib. Kürdüstan sonralar Qəsri-Şirinə müqaviləsi ilə İranla Osmanlı imperiyaları arasında iki yerə bölündü. Osmanlı imperiyası vaxtında isə müstəqil və yarımmüstəqil Kürdüstan dövlətləri yaranıb. Bu dövrdə “Kürdüstan” adında böyük hərbi gəmilər olub. Bundan başqa hər zaman “Kürdüstan” adında yenilməz ordular olub.Osmanlı imperiyası dağılandan sonra isə Suriya, İraq kimi dövlətlər yarandı. Bundan başqa torpaqların bir qismi İranda, bir qismi Türkiyədə qaldı. Naxçıvandan başlayaraq, Gürcüstanın bir qismi, Ermənistanın bir qismi isə SSRİ tərəfində qaldı.
- Kürdlərin dini inancları barədə nə deyə bilərsiniz?
- Kürdlər içərisində bütpərəstlər, atəşpərəstlər-zərdüştlər, musəvilər, xristianlar və müsəlmanlar var. Bəzən deyirlər ki, yezidilər xristiandır, ancaq belə deyil, onlar atəşpərəstlərdir, zərdüşt inancına inananlardır, inancları Qara Kitabdır-“Avesta”, indi də o kitabdan istifadə edirlər. Kürdlərin 80 faizi müsəlmandır. Onların 60 faizi sünnidir, qalanları şiə.
- Niyə kürdlər hər Novruz bayramında münaqişə yaradırlar?
- Bu heç də belə deyil, münaqişə hokumət dairələri tərəfindən yaradılırdı. Örnək, bu il heç bir inisitent baş vermədi. Çünki münaqişəni dövlət yaradırdı, lakin bu il yaratmadı, çünki sülh addımları atılmaqdadır. Bu il 3 milyona yaxın əhali Novruz şənliklərində iştirak etdi, bir nəfərin də burnu qanamadı. Bunların hamısı dövlətin siyasətindən asılı olan hadisələr idi.
- Sizi çox vaxt separatçılıqda ittiham edirlər. “Diplomat” qəzetində bəzən qıcıq doğuran materiallar çap edirsiniz...
- 1990-93-cü illərdə könüllü olaraq Qarabağda döyüşmüşəm. Heç kim məni məcbur etmirdi, sadəcə daxildən gələn Vətən hiss idi. Bu gün mən bir kürd kimi öz xalqıma hörmət etməsəm, sənə necə hörmət edə bilərəm? Bu gün öz xalqımı sevdiyim, Abdulla Öcalanı Milli Azadlıq Hərəkatının rəhbəri kimi qəbul etdiyim üçün, qəzetdə bu mövzuda yazılar yazdığım üçün, Türkiyədən maliyyə dəstəyi alanlar, sifarişlə məni separatçı adlandırıblar. Sabir Rüstəmxanlı mənim məsələmi Milli Məclisdə qaldırdı və qeyd etdi ki, guya mən “Diplomat” qəzetində PKK-nı təbliğ edirəm. Hüquq mühafizə orqanları məni həbs etsinlər. Sabah Öcalan Türkiyə parlamentində yer tutanda, rəhbər vəzifəyə gələndə Sabir Rüstəmxanlı nə deyəcək? Sabir Rüstəmxanlı Cənubi Azərbaycanda hüquqları pozulan soydaşlarımızın, Çində uyğurların, Sibirdə altayların azadlığını istəyir. Bəs mən niyə öz xalqımın azadlığını istəməyim? Öcalanın atası ilə mənim babam əmioğludurlar, onun azadlığını niyə istəməyim? Mənim bu cür kəskin mövqeyimə görə müxalifətçilər məni separatçı adlandırırdılar. Ta ki İraq türkmənlərini bura dəvət edənə qədər. Bundan sonra bu ad tədricən mənim üstümdən götürüldü.
- Öcalan sizin əmioğlunuz sayılır ki...
- Çində yaşayan uyğurlar Sabir Rüstəmxanlının soydaşı ola bilir, hələ
aramıza iki baba girməyən Öcalanla niyə Əmioğlu olmayım? Onu da bilmənizi istəyirəm ki, kürdlərin hamısı biri-birinə əmioğludur.
Qohum oldu-olmadı (gülür).
- Nəyinsə uğrunda mübarizə
aparan insanın terrora əl atmasına necə haqq qazandırmaq olar?
- Siz buna terror deyirisiniz, biz Milli Azadlıq Hərəkatı. Sizcə
Milli Azadləq Hərəkatı necə olur?
Cənubi Azərbaycanda PKK kimi bir təşkilat yaransa və xalqın
azadlığını istəsə, siz nə ad verərsiniz?
- Amma harasa
partladılanda, uşaqlar da ölə bilər, sıravi kürd də.
- PKK haranısa partlatmaq praktikasından istifadə etmir. Dağlarda
savaşır, polis idarələrinə və hərbi bölmələrinə
hücum edir. Partlayış törədən isə Türkiyə dövlətidir, partladırlar və PKK-nın
üzərinə atırlar. Hər halda 5 min kənd PKK tərəfindən boşaldılmayıb. “Erqenekon”
və maraqlı qüvvələr bunları törədirdilər. İndi niyə törənmir?
- Kürdlərin Azərbaycana
qarşı da ərazi iddiaları varmı?
-
1923-cü illərdə yaranmış, 1929-cu ildə dağıdılmış
Kürdüstan Qəzasının əvəzinə ermənilərin DQ muxtar vilayəti dağıdılsaydı yəqin ki,
bu bəlalar başımıza gəlməzdi?
Kürdlərin
Azərbaycana torpaq iddiası olmayıb.Sovet hakimiyyətinin dağılışı zamanı, Məhəmməd
Babayev Moskvada mitinqlər təşkil etdi, kürd xalqını bir yerə yığmaq üçün, bir
qurum yarandi, lakin sovet hakimiyyəti dağıldı və o məsələ yarımçıq qaldı.
O vaxtlar Babayev Ayaz Mütəllibovun, Elçibəyin yanına gəlmişdi.
Demişdi ki, biz camaatımızı yığaq Keçmiş Kürdüstan Qəzasına, erməniləri
Qarabağdan qovaq, Elçibəy razılaşmadı,
dedi ki, özümüz hər şeyi edəcəyik, bizim kürdlərin köməyinə ehtiyacımız yoxdur.Beləliklə
də, o dövrki hakimiyyət kürd kartından istifadə etmədi, ermənilər Vəkil Mustafayev
vasitəsi ilə istifadə etdilər, sonda da Vəkili oyundan uzaqlaşdırdılar.
Kürdüstan olsa, Kürdüstan böyükdür, kürdlər
üçün də, azərbaycanlılar üçün də yer var. Kürdüstan azad olsa, Yaxın Şərq
xaqlarının hamısı azad olacaq. Mən bir yazı yazmışdım ki, “Cənubi Azərbaycanın
azadlığı, kürd xalqı ilə birgə mübarizədədir, yəni PKK ilə”. Təəssüflər olsun ki,
bu yazıya qarşı çox xoşagəlməz cavablar yazıldı. PKK bu gün İranda da mübarizə aparır. Cənubi
Azərbaycanda yaşayan türklərin hərəsi bir güllə yardım etmiş olsaydı, indi
çoxdan azadlıq əldə edilmişdi. Bizim Azərbaycanla bağlı torpaq iddiamız
olmayıb, indi də yoxdur.
- Azərbaycanda yaşamış
kürdlərdən PKK tərəfdə vuruşan varmı?
- 90-cı illərdə keçmiş sovetlər birliyindən, eləcə də Azərbaycandan
bir qisim gənclər döyüşmək üçün PKK tərəfindən vuruşmağa getdi. Qayıdan da
oldu, şəhid düşən də, orada qalan da. Mən özüm də bir jurnalist kimi getmişdim,
sonra qalmaq istədim, amma Öcalan təhsil aldığımıza görə bizi geri qaytardı. Onu
da deyim ki, Azərbaycandakı kürdlərin hamısı üzdə olmasa da, qəlbən PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir.
- Abdulla Öcalanla
görüşmüşdünüz?
- Yox, Öcalanın qardaşı Osmanla və başqa rəhbərlərlə görüşmüşdüm. O
söylədi ki, Öcalan getməyimizi, siyasi mübarizə aparmağımızı istəyir.
- Bərzani və Tələbani ilə
görüşə bilmisinizmi?
- Onlarla ilk dəfə 2004-cü ildə , sonralar dəfələrlə görüşmüşəm. Kürdüstanın
prezidenti Məsud Barzanidən və bir sira dövlət rəhbərlərindən müsahibələr də götürmüşəm və qəzetimizdə çap
edərək Azərbaycan oxucularına çatdırmışam.
- İraq Kürdüstanındakı
vəziyyət sizi tam qane edir deyəsən...
- Düşünürəm ki, məni qane etdi-etmədi aparıcı dövlətlər öz
istəklərini həyata keçirəcəklər. ABŞ, Avropa Birliyi, Yaxın Şərqdə maraqlı olan
qüvvələr bu ölkələrdə münaqişə yaradaraq öz planlarını həyata keçirirlər. Belə ki,
Suriya Kürdüstanı ilə İraq Kürdüstanını birləşdirib müstəqil Kürdüstan dövləti
yaradacaqlar. Bir neçə ildən sonra isə Türkiyədə illərdən bəri, qardaş xalqlar
arasında qırğınlar törədən kamalizm sistemi tamamilə məhv olacaq. Ərdoğanın
rəhbərliyi ilə demokratik bir islam qurumu yaranacaq. Türkiyə federativ
kürd-türk dövləti kimi böyük gücə sahib olacaq. Mən bunu görürəm. İran da maraqli
qüvvələr tərəfindən dağılacaq. ABŞ-ın planı var ki, 2030-cu ilə qədər müstəqil vahid,
böyük Kürdüstan dövləti yaratsınlar. Necə edəcəklər, hər halda bu, aparıcı
dövlətlərin işidir. ABŞ və Avropa Birliyi Yaxın Şərqin yeraltı sərvətlərini tam
ələ keçirmək üçün bunu edəcək. Onlar kürdlərin ala gözünə vurulmayıblar. Öz
maraqlarını təmin etmək məqsədilə Kürdüstan dövlətini yaratmaq istəyirlər və
yaradacaqlar.
- Bu dövlət həm də bir
təzyiq vasitəsi kimi düşünülür, eləmi?
- Aydın məsələdir, dövlət yaradırlarsa, istədiklərinə qarşı da
istifadə edə biləcəklər.
- Kürd mədəniyyətində
hansı məşhurların adını çəkmək olar?
- Türkiyədə oxuyan müğənnilərin 90 faizi olmasa da 80 faizi kürddür.
Şivan Pərvəri Türkiyəyə çağırırlar. O isə deyir ki, kürdlərə konstitusiya ilə
haqq verilməyənə qədər ora gəlməyəcəyəm. Deyir ki, mən xalqları sevirəm, xalqların
heç bir günahı yoxdur, silah-sursat satan qüvvələr xalqları qarşı-qarşıya qoyur
ki məqsədlərinə çatsınlar. İnanıram cənab Ərdoğan bu münaqişəyə son verəcək,
ondan sonra mən Vətənə qayıdacam.
- Bayaq Qaçaq Nəbinin,
Koroğlunun adını çəkdiniz. Belə başa düşdük onları kürd hesab edirsiniz.
Nizaminin də kürd olduğunu iddia edirdiniz.
- Düzünü desək mən hesab
etmirəm, siz hesab edirsiniz. Hələ bizim Kürdüstan adlı dövlətimiz, dayaq,
dayanacaq yerimiz yoxdu ki, kimisə öz şairimiz hesab edək. Ancaq mən belə
düşünürəm. Dərsliklərdə Nizaminin anasının kürd olduğu yazılır, amma atası
haqqında heç bir məlumat verilmir. Nizami “Xəmsə”ni fars dilində yox, kürd dilinin
sorani ləhcəsində yazıb. Bunu farsşünaslara, nizamişünaslara sübut etməyə
hazıram. Bir də hər halda Şəddadi Kürd dövləti dönəmində dövlət dili kürd dili
olar, fars dili olmaz.Qaldı xalq qəhrəmanı Koroğlu cəlali kürdlərindəndər,
Qaçaq Nəbi qaraçolu kürdlərindəndir, Sultan bəy sofu kürdlərindəndir. Bunu
sizdən başqa hamı bilir.
- Kürd ailələr öz aralarında
bu dildə danışır?
- Mən öz ailəmdə kürdcə danışıram. Kürdcə danışan ailələr çoxdur,
amma Azərbaycan dilində danışanlar da var. Bir məsələni deyim: Qarabağ
işğalından sonra kürdlər məcburi şəkildə evlərində Azərbaycan dilində danışmağa
başladılar. Uşaqlar məktəbdə, küçədə Azərbaycan dilini öyrəndi, danışdı,
evdə kürdcə danışa bilmədi. Buna görə Azərbaycan dövləti tərəfindən kürd
xalqına dəstək verilməlidir ki, qədim xalqımız öz varlığını,mədəniyyətini,
dilini itirməsin.
- Türkiyədə yaşayan
kürdlərdən Azərbaycana oxumağa gələnlər varmı?
- Eşitdiyimə görə, hazırda Azərbaycanda 3 minə qədər kürd tələbə
təhsil alır. Onlar Türkiyə dövləti tərəfindən, rəsmi qaydada imtahan verərək Azərbaycana
təhsil almağa gəlirlər.
- Yəqin, onlarla görüşüb
fikir və düşüncələrinizi çatdırırsınız?
- Olur və burada pis bir şey görmürəm. Bu yaxınlarda Kürd Mədəniyyət
Mərkəzi adından televiziyaya da çıxmışdılar. Xalqımızın mədəniyyətinin inkişafı
üçün onlardan istifadə olunsa məncə yaxşı olar.
- Bir video vardı,
mitinqlərin birində polis zabiti kürdcə əmrlər verirdi. Bu videonu görmüsüz?
- Baxmışam, bu əmrlər kürd dilində deyildi. Bu, məncə polislərin
məxfi paroludur yəqin ki. Bu əmrlər kürdcə verilsəydi belə, burada qəbahətli
bir şey olmazdı, ancaq kürdcə deyildi.
- Çox maraqlı bir məqam
var. Azərbaycanda kürdlər haqqında müxtəlif maraqlı lətifələr var. Halbuki bu
lətifələr Türkiyədə yoxdu. Bu lətifələr necə yaranıb?
- Deyilən lətifələr haqqında söz açırsınız, amma Azərbaycan
ədəbiyyatında kürd xalqının qəhrəman, mərd, qorxmz, etibarlı, sədaqətli dost simvolundan
danışmırsınız. Məncə çeçen oğlanın azərbaycanlılar haqqında dediyi sözləri
yadına salsam pis olmaz. Təxminən 1999-cu il olardı, bir çeçen uşağı bir hadisə
torədir, polis onu tutur və ona deyir:” Qorxmursan səni tutarlar?” O cavab
verir: “Niyə, mən azərbaycanlıyam qorxam?” bu kimi həqiqətləri çox sadalamaq
olar. Jirinovskinin sozlərini heç demirəm.
Lətifələr haqqında da, belə
izahat verə bilərəm, Sovet hökumətinin yaranışı zamanı Respublikanın
yaranmasında türklərin sayı az olduğundan, burda yaşayan xalqları azərbaycanlı
yazdıraraq Azərbaycan Respublikasını qurmaq istəmişlər, kürd xalqı buna razılıq
vermədiyinə gorə,vəziyyəti belə görən hökumət dairələri kürdləri milli ruhdan
diksindirmək üçün bilərəkdən müxtəlif lətifələr yaratdılar və bu lətifələr sayəsində
qismən də olsa öz məqsədlərinə çatsalar da, qəhrəman Kürd Xalqı tarixdə mübariz
və qəhrəman bir xalq olaraq damğasını əbədi vurmuşdur. Onun şir ürəkli Riçardı
diz çökdürən Səlahəddin Əyyubi kimi qəhrəmanları var.