Uzunluğu 9 metrə çatan gizli keçidin şəkli ilk dəfə internetdə yerləşdirilib.
Yaxın
günlərdə Rusiyanın paytaxtı Moskvada "Kreml Senatı" adlı unikal
kitabın təqdimat mərasimi keçiriləcək. Sergey Devyatov və Yelena Juravleva
tərəfindən qələmə alınan və Federal Təhlükəsizlik Xidmətinin generalı Yevqeni
Murovun redaktorluğu ilə hazırlanan 300 səhifədən ibarət kitabda Kremlin I
korpusu sayılan Senatın köhnə binası haqqında tarixi materiallar əsasında
indiyədək gizli qalan məqamlar işıqlandırılıb. Kreml haqqında ətraflı məlumatın
yer aldığı kitabda nəzəri cəlb edən xüsuslardan biri isə Senatda, SSRİ-nin
keçmiş rəhbərlərindən İosif Stalinin kabinetinin altında gizli keçidin
olmasıdır. Uzunluğu 9 metrə çatan tunelin 1992-ci ildə Kremldə aparılan
yenidənqurma işləri zamanı aşkar edildiyi kitabda qeyd olunub. Gizli keçidlə
bağlı maraqlı məqamlardan biri isə onun Kremlin arxitekturası ilə bağlı
sənədlərdə əks olunmamasıdır. Gizli tunelin fotoşəkli isə ilk dəfədir ki,
ictimaiyyətə açıqlanır