Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a daxil olan məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, sentyabrın 6-da nazir Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinlərini qəbul edib.
Qəbul
zamanı ümumilikdə 80 nəfərədək sakinin «Açıq qapı» şəraitində müraciətləri
dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq
əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir
sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Nazir
Fizuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində
araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq
struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə
tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq
potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv
sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.
Nazirliyin
fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati
qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Hacıqabul
rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV-lərdə məlumat verilib,
müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.
Qeyd
edək ki, cari ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə
ümumilikdə 15 dəfə vətəndaş qəbulu, eyni zamanda bölgələrdə yaşayan
vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata
keçirilib. Qəbullar nəticəsində ümumilikdə 700 nəfərdən çox vətəndaşın
müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb.
Həmçinin
24 may 2013-cü il tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə
olaraq Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu
sosial şəbəkə üzrə indiyədək, nazir və digər rəsmi şəxslər tərəfindən 350-ə
yaxın müraciət cavablandırılıb.