Moderator.az Göygöl şərab zavodu ilə bağlı "Bizim Yol"
qəzetinin bugünkü sayında getmiş yazını təqdim edir:
Bir
neçə ay əvvəl qəzetimizdə Göygöl Şərab Zavodunda çalışan işçilərin
şikayətlərini dərc etmişdik. Məqalədən sonra zavod rəhbərliyi bir müddət
qanunsuzluqlarına son versə də yenidən problemlər baş qaldırır.
Qəzetimizə təkrar müraciət edən şərabçılar bildirib ki, zavodun icraçı
direktoru Ceyhun İsmayılov fəhlələrin hüquqlarını pozmaqla məşğuldur. Ceyhun
İsmayılov baş şərabçı Rasim Ömərovun işçilərin ünvanına söylədiyi nalayiq
söyüşlərə göz yumur. Narazılıq edənlərə isə “qapı açıqdır, gedə bilərsən” mesajını
verir. İndiyədək şərabçılıq sahəsində uzun illər təcrübəyə malik olan çoxsaylı
texnoloqlar bu zavodu tərk edib. Son zamanlar əmək haqlarının verilməsində də
ciddi problemlər yaranıb. Şikayətçilərin sözlərinə görə, Ceyhun İsmayılovun
səhlənkarlığı ucbatından zavodun məhsulu keyfiyyətsizdir: “Artıq məhsulumuzun
satışında azalma özünü göstərir. Bu insanları buraya təyin edib, göndərənləri
xəbərdar etmək istəyirik ki, illərdən bəri şərabçılıq texnologiyasında və
istehsalında öz yeri olan Göygöl Şərab Zavodu öz imicini itirməkdədir”.
Şikayətçilər bildirir ki, üzləşdiklərini qanunsuzluqlardan biri də məzuniyyət
pullarının verilməməsidir. Hətta bu hüququ tələb edən işçilər məzuniyyətə
buraxılmır ki, bu da daha bir qanun pozuntusu sayılır.
Bundan əlavə işçilərin qanunla müəyyən olunmuş bülleten pulları da onlara
verilmir. Bir sözlə zavodda əmək qanunvericiliyinin pozulması ənənə halını
alıb. Şərabçılar qəzetimiz vasitəsilə Göygöl Şərab Zavodunun əsas səhmdarı
«Vinaqro» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyindən yaranmış böhranı
aradan qaldırmağa, rəhbərliyin işçilərlə münasibətlərini qaydaya salmağa
çağırır.
Pərviz Həşimli