«Azərsu» ASC Bakı şəhəri və Abşeron
yarımadasında yeni kanalizasiya infrastrukturunun yaradılması və ekoloji
vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Cəmiyyətin mətbuat xidməti
şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, ASC-nin Tədbirlər Planına
uyğun olaraq, yağış və tullantı sularının idarə edilməsinin yaxşılaşdırılması
və Xəzər dənizinə birbaşa axıdılmasının qarşısının alınması məqsədi ilə yeni
layihələr həyata keçirilir.
Xırdalan şəhəri, Masazır qəsəbəsi və
ətraf ərazilərdə toplanan çirkab suların nəqlinin Bakı şəhərinin mərkəzindən
kənarlaşdırmaq məqsədi ilə «Xırdalan-Xocasən tunel tipli kanalizasiya
kollektorunun tikintisi Layihəsi»nin icrasına başlanılıb. Qeyd edək ki, hazırda
bu ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya
Stansiyasına ötürülür. Çirkab suyun axıdılması iki mərhələdə nasoslar vasitəsi
ilə və böyük həcmdə elektrik enerjisinin sərfi hesabına həyata keçirilir.
Yeni layihə çirkab suların Lökbatan
istiqamətində özüaxımlı rejimdə nəqlini nəzərdə tutur. Ərazinin relyef
xüsusiyyətləri nəzərə alınaraq Xocasən təpəlikləri altında tunel tipli
kollektorun tikintisi layihələndirilib. Layihəyə əsasən, ümumi uzunluğu 14 750
metr olan tunelin 32-49 metr dərinliklərdə qazılması nəzərdə tutulur.
Tunelin 7 400 metrlik hissəsi 2 200 mm, 7 350 metrlik hissəsi isə 2 800 mm
diametrində olacaq.
Artıq iki istiqamətdə - Xocasən
gölünün yaxınlığında və Sulutəpə qəsəbəsində tikintiyə hazırlıq işləri başa
çatdırılıb, şaxtalar qazılıb, avadanlıqlar quraşdırılıb və tunel yolunun
qazılması işlərinə başlanılıb. Tunelin tikintisində dünyada tətbiq olunan
qabaqcıl texnologiyadan - TBM qazıma qurğusundan istifadə olunur.
Bununla paralel tunelin tikintisində
istifadə olunacaq dəmir-beton boruların hazırlanması məqsədilə istehsal sahəsi
yaradılıb. Abşeron rayonu ərazisində fəaliyyət göstərən zavodda sutkada 24 rinq
(tunelin 1 seqmenti 6 rinqdən ibarətdir) istehsal olunur. Bu qurğu vasitəsi ilə
qazma işləri aparılarkən yerüstü obyekt və qurğuların köçürülməsinə ehtiyac
olmur. Yeni texnologiya ilə aparılan qazma işləri ərazidə yerləşən yaşayış
evləri və obyektlərə, nəqliyyat və kommunal infrastruktura heç bir problem
yaratmır.
Hazırda qazma işləri davam etdirilir
və tunelin inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektoru istismara verildikdən
sonra Xırdalan şəhərində və ətraf yaşayış məntəqələrində, həmçinin Qaradağ,
Binəqədi, Yasamal və Səbail rayonlarının bir hissəsində toplanan çirkab suları
Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən çirkab sutəmizləyici qurğuya
ötürüləcək. Burada tullantı suları təmizlənib zərərsizləşdirildikdən sonra
Xəzər dənizinə axıdılacaq.
-FOTO" src="//old.moderator.az/fotobaza/original/419.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/420.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/421.jpg">