"Haram olsun ona Şirvan çörəyi!" Bu sözləri tanınmış yazar və Milli
Şuranın sədri Rüstəm İbrahimbəyov işlədir "El" hərəkatından istefa
vermiş bir yerlisi barədə. İfadə olunan fikrin qüsuru barədə yazmaq istəmirdim.
Sadəcə tanınmış bir yazarla sıradan bir azərbaycanlının düşüncə tərzinin
uyğunluğuna üzüldüm.
Əslində təbəqələr arasında düşüncə,
mühakimə fərqlərinin aradan qalxması bir cəmiyyətin durğunluğunun bariz
göstəricisidir. Bu torpağın çörəyi, Elçibəyin çörəyi, Heydər Əliyevin çörəyi,
Çörək gözünü tutsun, Bu çörək haqqı, Bir qismət çörək kəsmişik, Çörəkdən
keçəmmədim kimi deyimlərin bolluğunu bütün azərbaycanlı çevrələrində hamımız
müşahidə edirik. Hətta Fars dilindən aldığımız ünlü bir sözümüz də var: Nankor.
Nan çörək, Kor da Kor demək. Çörəyə kor demək. Hətta daha irəli gedərək, çörəyə
fövqəltəbii güc də əlavə edirik: Filankəsin çörəyi gözünü tutsun.
Əzizlərim, əvvəlcə buğdanı və ya arpanı
üyüdürlər, alınan undan çörək hazırlanır. Qıcqırmasın deyə, Mayadan (Droj) da
içinə qatıb satışa çıxarırlar. Çörək bir ruzidir, hər bir faydalı ərzaq kimi...Vəssalam.
Bizim azərbaycanlı niyəsə çörəyi and yerinə, halal-haram təsnifatı üçün
müqəddəs meyara çevirib. Allaha aid funksiyaları hardasa Çörəyə də aid etməkdən
xoşlanırlar...
Haram olsun ifadəsi də kolbasaya,
sosiskaya dini qurumlarımız sertifikat verəndən sonra cəmiyyətimizdə daha da
yayğınlaşdı. Müqəddəs kitabımızda halalla haramın nələr olduğu göstərilib.
Bunun həm maddi, həm də mənəvi izahını təqdim edir. Allahın haram buyurduğunu
yeyən, içən, icra edən kimsənin kiməsə "Haram olsun!" ifadəsini
işlətməsi tamamilə qüsurludur.
Bir də "Şirvan çörəyi" ifadəsi
də ən azı məntiqi izahdan tamamilə uzaqdır. Əvvəllər Gəncədən gələn kimsədən
xahiş edirdin ki, mənə Gəncə çörəyi gətirərsən. Mən, hər həftə 8-ci km-dən
Naxçıvan lavaşı alıram. Halbuki bunun ununun qətiyyən Naxçıvana dəxli yoxdur.
Yaxud da İsmayıllıda İvanovka çörəyi məşhurdur. Yəni bunlar özlüyündə bir ərzaq
brendi adlardır və çox zaman sui-istifadə də edirlər. Yəni indiki dövrdə çörək
də qloballaşmış və çoxçeşidlilik içində artıq öz vətənini və mənşəyini
itirmişdir.
Siyasətdə özünü sınamaq istəyən hər kəs
özü üçün əks hücum fürsəti verməməyə hazırlıqlı olmalıdırlar məncə...