Ukrayna Rusiya ilə sərhəddə divar çəkmək planlarını 2025-ci ilə qədər təxirə salıb.
Moderator.az xəbər verir ki, 6 aya baş çatdırılması nəzərdə tutulan layihənin 2025-ci ilə qədər təxirə salınmasına səbəb, bunun üçün gərəkli olan vəsaitin tapılmamasıdır.
Qeyd edək ki, istehkam və təhlükəsizlik sistemlərindən ibarət olan divara Avropa da böyük ümidlərlə baxır. Avropa hesab edir ki, bu divar sadəcə Ukraynanı deyil, bütün Avropanı rus ordusunun həmləsindən qoruyacaq, bu ühcumları önləyəcək bir sədd olacaq.
Lakin son vaxtlar Rusiya mediasında yer alan bir sıra açıqlamalar Rusiya rəsmilərinin Avropanın ümidlərinə sadəcə güldüyünü göstərir. Rusiyanın bir çox millət vəkili və hərbi eksperti hesab edir ki, “Avropa divarı” nəinki ordunu, hətta vəhşi bir dovşanın həmləsini belə önləməyə qadir deyil.
Rusiyanın sadəcə “mənasız israfçılıq” kimi baxdığı layihə ilə bağlı Ukraynanın ABŞ-la məsləhətləşmələr aparmaq, onun təcrübəsindən yararlanmaq istədiyi vurğulanır. ABŞ-ın belə bir təcrübə mübadiləsinə necə yanaşacağı hələ ki, bəlli deyil.
Xatırladaq ki, Rusiyanın Ukraynaya məxsus Krımı zəbt etməsindən sonra iki ölkə arasında münasibətlər ciddi şəkildə kəskinləşib və gərginlik bu gün də davam edir.
Seymur ƏLİYEV