Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Lakin təbiətə sevgi və qayğı göstərən, onun həyatımızdakı rolunu dərk edən hər kəs başa düşür ki, bu gün sadəcə ekoloqların deyil, təbiətin keşiyində duran hər kəsin, bütün insanların bayramıdır. Necə ki, ulu öndər Heydər Əliyev bütün insanları təbiəti qoruyan, ona qarşı duyarlı münasibət ortaya qoyan şəxslər kimi görmək istəyir, onları hər bir ağac uğrunda mübarizə aparmağa, ekoloji mühiti yaxşılaşdıran addımlar atmağa səsləyirdi.
Moderator.az xəbər verir ki, jurnalist-tarixçi Seymur
Əliyevin “Heydər Əliyev və Ermənistanın ekoloji terrorizm siyasətinə qarşı
mübarizə” kitabında bununla bağlı maraqlı məqamlar yer alıb:
“Heydər Əliyev üçün təbiət,
onun ən xırda komponenti belə mühüm əhəmiyyət kəsb edirdi. Bu, Heydər Əliyev
üçün o qədər əhəmiyyətli bir məsələ idi ki, o, hətta bir ağaca görə belə
mübarizə aparmağı nəinki vacib hesab edir, bütün xalqın varlığı təhlükə altında
olan bir ağaca görə ayağa qalxmasını zəruri sayırdı. Onun 10 may 1997-ci il
tarixində Bakının Nizami rayonunda, Cəmşid Naxçıvanski küçəsində Heydər Əliyev
parkının açılışı zamanı səsləndirdiyi aşağıdakı sözləri əslində siyasi liderin
keçmişdən gələcəyə ünvanlanan həyati çağırışı hesab edilə bilər. Hansı ki, bu
çağırışda Heydər Əliyev insanları hər bir ağac uğrunda mübarizə aparmağa, bu
mübarizədə kimsəyə güzəşt etməməyə səsləyir: “Xatirimdədır, vaxtilə – 1960-cı
illərdə mənim yaşadığım evin həyətində balaca bir qaraj düzəldilmişdi. Həmin
qaraja avtomobilin girməsi üçün bir ağac mane olurdu. Bəzən mən də həyətə
çıxırdım. Bir adam gəlib həmin ağacı kəsmək istəyirdi. Həyətimizdə olan
adamların hamısı toplaşıb bir-iki dəfə gəlib dedilər ki, bu ağacı kəssən biz səni
buradan çıxaracağıq. Bu hadisə 1960-cı illərin ortalarında olubdur. Mən bu işə
çox kəskin münasibət göstərdim. Onda mən şübhəsiz ki, respublikanın başçısı vəzifəsində
deyildim, o həyətdə yaşayan sadə bir adam idim. Qaraj sahibinə nə qədər çətin
olsa da, biz onu bu ağacı kəsməyə, çıxarmağa qoymadıq. Biz o həyətdə bir
ağacdan ötrü mübarizə apardıq.
Ona görə də siz hər bir ağacı qorumalısınız, hər
bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız. Əgər kimsə, hər hansı bir
adamsa – ya pulu çoxdur, yaxud vəzifəsi böyükdür, qolu zorbadır – gəlib ağacı kəsirsə,
qorxmayın, çəkinməyin, siz ondan güclüsünüz. Sizin gücünüz onun pulundan da, vəzifəsindən
də, qolundan da güclüdür. Çünki siz təbiəti qoruyanlarsınız. Mən istəyirəm ki,
siz hamınız təbiəti qoruyanlar olasınız.
Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti
çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də
qurub-yaradın. Ümidvaram ki, siz bu parkı daha da gözəlləşdirəcəksiniz. Ümidvaram
ki, bax, buradakı təcrübə Bakının başqa guşələrində də yayılacaqdır”.
Seymur ƏLİYEV
“Heydər Əliyev və Ermənistanın ekoloji terrorizm
siyasətinə qarşı mübarizə” kitabından...