Sakinlər Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman
Mikayılovdan şikayətçidir
“Artıq 6 aydan çoxdur ki, Müşfiqabad qəsəbəsində yerləşən 3b və 4v
binası yaxınlığında yığılıb qalan zibillik yığışdırılmır. Ərazidə olan bu
natəmizlik isə sakinlər tərəfindən böyük narazılıqla qarşılanır. Bu antisanitar
vəziyyətlə bağlı müvafiq orqanlar qarşısında dəfələrlə məsələ qaldırılsa da
bunun hər hansı faydası olmayıb”.
Bu sözlər adıçəkilən ünvanda yaşayan bir qrup sakinin Moderator.az-a
göndərdiyi şikayət məktubundandır. Sakinlər bildirir ki, yayın gəlişi ilə
ərazidə vəziyyət daha dözülməz olub: “Biz mətbuat vasitəsilə Qaradağ rayon icra
hakimiyyətinin başçısı Süleyman Mikayılovdan problemin həlli üçün müvafiq
orqanlara göstəriş verməsini xahiş edirik. Şikayətlərimizin eşidilməməsi isə
bizi daha radikal addımlar atmağa məcbur edir ki, biz belə bir sonluq
istəməzdik”.
Müraciətin sonunda sakinlər bəyan edir ki, əgər yaxın günlərdə
ərazidə olan zibillik yığışdırılmasa onlar Bakı- Şamaxı yolunu bağlamaqla
etirazlarını ictimailəşdirməyə çalışacaqlar.
Xəyal Əzizov