Adətən işimiz düz gətirməyib
daşa keçəndə özümüzə təsəlli verərək “hər şərdə bir xeyir var” deyib aldadıcı
toxtaqlıq tapmağa çalışırıq. Ancaq Rüstəm İbrahimbəyovun Rusiya
vətəndaşlığından vaxtında imtina etməməsi üzündən müxalif düşərgənin üzləşdiyi
şərdən neçə gündü xeyir axtarsam da tapa bilmirəm. Çünki elə bir paza keçmişik,
daha doğrusu, kinorejissor bəlkə də özü də bilmədən Milli Şurada toplaşan
qosqoca siyasətçiləri elə bir düyünlü paza keçirib ki, ondan tezliklə qurtulmaq
hər halda mənə mümkünsüz görünür...
Əlbəttə, Rüstəm müəllimin də bir
ağlabatan arqumenti məncə o ola bilər ki, “mən hələ Ziyalılar Forumunu
yaradandan Rusiya pasportundan imtina etmək istəyirdim, ancaq bununla “mən
vahid namizəd olmaq istəyirəm” mesajı vermiş olardım, ona görə də siyasi etika
xatirinə bunu etmədim.” Hətta doğrudan da o belə düşünmüş olsaydı belə, böyük
siyasi səhv edib və nəinki özünü, onun vahid namizədliyinə səs vermiş bütün
müxalif siyasətçiləri, dəyişiklik üçün alışıb-yanan hər kəsi faktiki olaraq
seytnot vəziyyətinə salıb. Mətbuatda əslində məntiqlə haqlı olaraq iddia edilir
ki, müxalifətin vahid namizədliyi bir pasportun güdazına getməkdə və Rusiya
prezidentinin imzasından asılı durumdadır. Yəni əgər sabah Rüstəm İbrahimbəyov
hüquqi baryerləri aşaraq 90 faiz səslə prezident seçilsə belə, indi
hakimiyyətdə olanlar haqlı olaraq onu Rusiyanın adamı hesab edəcəklər. Hətta
Rüstəm İbrahimbəyovun and-amanı və prezident kimi ilk səfərini Vaşinqtona
edərək NATO-ya üzvlüklə bağlı rəsmi müraciət etsə belə kimsə onun səmimiliyinə inanmayacaq.
Hər halda bu günün prizmasından baxdıqda proseslər belə ziq-zaqlı görsənir və
etiraf edilməlidir ki, Milli Şurada toplaşanlar son 20 ilin ən çətin
tapmacasına cavab tapmalı olacaqlar, əgər tapa bilsələr...
Digər tərəfdən mən Rusiya
prezidenti Putini tülküdən bic siyasətçi hesab edirəm və düşünürəm ki, o
Azərbaycan müxalifətini çox intizarda qoymayacaq və seçkilərədək Rüstəm
müəllimin vətəndaşlıq məsələsini həll edəcək. Əks halda dünya və elə öz
ölkəsinin demokratları, “Milyarderlər İttifaqı”ndakı dostları onu diktaturanın
ilhamvericisi və dünya avtoritarizminin banisi hesab edəcək. O da Rüstəm
müəllim kimi sonradan yaxasını cırıb “mən demokratam” bağırsa da kimsə onun
hətta səmimi göz yaşlarına da inanmayacaq ki, sən qəsdən Rüstəm İbrahimbəyovun
pasport məsələsini yubatdın ki, İlham Əliyev asanlıqla qalib gəlsin. Yeri
gəlmişkən, mən anlaya bilmirəm ki, əgər Putin İlham Əliyevə belə bir yaxşılıq
(kim bilir, bəlkə elə pislik?!) etmiş olsa rəsmi Bakıdan daha hansı güzəştləri
qoparacaq? Məntiqlə artıq qatar çoxdan gedib və həm İlham Əliyev, həm də Putin
anlayır ki, Azərbaycanın siyasi gələcəyi Moskvada deyil, Vaşinqtonda, ən azı
Brüsseldədir.
İsa Qəmbərə də Allah insaf
versin. Rüstəm müəllimlə təkbətək görüşərək yenə də dedi-qodulara rəvac verdi
və torbada pişik olduğunu, yəni vahid namizədin qalib gələcəyi təqdirdə ən azı
ortada şifahi də olsa bazarlaşmanın mövcudluğunu isbatlamış oldu. Üstəlik,
“çox faydalı söhbətimiz oldu” deməklə Milli Şuradakı rəqiblərinin və onun
ehtiyat namizədliklə bağlı inadkarlığını həzm edə bilməyən şəxslərin kürkünə
birə saldı...
Elə Mirmahmud Mirəlioğlu
da Gürcüstan sammitinə özünəməxsus şərh verib ki, ya vahid namizəd Rüstəm
olacaq, ya da Milli Şura “voobşe” olmayacaq. KXCP sədri belə bir maraqlı ifadə
də işlədib ki, ehtiyat namizədə ehtiyac yoxdur. Yəni bu etirazın açması odur
ki, Rüstəm İbrahimbəyov namizədlikdən imtina etmiş olsa Milli Şura getdi işinin
dalınca...
Rəsul Quliyev də son günlər
yaman fəallaşıb. Hətta belə bir iddialı bəyanat da səsləndirib ki, siz
öləsiniz, mənim vahid namizədliyimi irəli sürün, gəlməsəm məndən pis adam
yoxdur, gəlim və 20 ildir hamınızın həsrətlə gözlədiyi hakimiyyət dəyişikliyini
gerçəkləşdirim. Vallah, adamın inanmağı gəlir. Amma qanmadığım bir şey var. Ay
Rəsul qağa, axı bir dəfə sənin belə bir şansın vadı, niyə onu öz əllərinlə
Simverepol sularına qərq edirdin ki, indi də ondan-bundan elçilik umasan. Bir
də ki, sən Allah, qınağa boğulub belə diribaş danışırsan, yoxsa doğrudan da
okeanın o tayında burnuna dəyişiklik qoxusu gəlib? Hər halda yalandırsa gerçək
olsun və şeytanın qıçını qırıb gəlsən bir qonaqlıq məndə...