Bir qrup müxalifət partiyasının və fəalının
yaratdığı Milli Şuranın vahid namizəd elan etdiyi Rüstəm İbrahimbəyov namizədliyinin
qeydə alınmasında maneə kimi göstərilən ikili vətəndaşlıq məsələsini həll edəcək.
Bunu şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirdi.
Onun dediyinə görə, İbrahimbəyov Rusiya pasportunu artıq bu ölkənin müvafiq qurumuna təhvil verib və yaxın vaxtlarda həmin qurum onun Rusiya vətəndaşlığını ləğv edəcək. Bununla da Rüstəm İbrahimbəyov yalnız Azərbaycan vətəndaşı olacaq. Eldar Namazov deyir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı bu yaxınlarda Vaşinqtonda keçirilən müzakirələrdə də diqqət mərkəzində olub.
Xatırladaq ki, sözügedən tədbirdə Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov və Milli Məclisin komitə sədri Səməd Seyidov da iştirak edib. Onlar öz çıxışlarında Dağlıq Qarabağdan qaçqın düşən azərbaycanlıların hüquqlarının pozulmasını qabardıblar.