Azərbaycan prezidenti İlham Əliyev mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
APA-nın
məlumatına görə, sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycan
Respublikasının dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə
dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə
kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait
yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Son
illər milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılıb, KİV
redaksiyaları və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilib,
media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər
həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il
22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına
17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin
istifadəsinə verilib.
Prezidentin
imzaladığı sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə
bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin
olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.