Sumqayıt
şəhərində 52 və 53-cü məhəllələrin ərazisini əhatə edən Daş bazarının
köçürülməsi minlərlə sahibkarın etirazına səbəb olub.
Bu
barədə Moderator.az saytını
özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, əraziyə Sumqayıt Şəhər
İcra Hakimiyyətinin və şəhər polis idarəsinin yetkililəri cəlb olunsa da,
problemi həll etmək mümkün olmayıb:
“Daş
bazarının köçürülməsi adı ilə minlərlə sahibkarın zorakılıqla ərazidən
çıxarılması sahibkarların ciddi etirazına səbəb olub. Dövlət yetkililərinin
mülkiyyət hüququna qəsb etdiyini iddia edən sahibkarlar bildirib ki, onlar bu
təkliflə razı deyil və öz fəaliyyətlərini bundan sonra da məlum ərazidə davam
etdirməkdə israrlıdırlar. Sahibkarların müqavimətini qırmaq üçün əraziyə xeyli
sayda polis dəstəsi gətirilsə də, hələ də etirazçıların inadını qırmaq mümkün
olmayıb. Vəziyyətin mürəkkəbliyini görən yetkililər icra başçısı ilə görüşmək
istəyən sahibkarların təklifi ilə razılaşmalı olub. Bu gün saat 17:00
radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla
sahibkarlar arasında görüş keçiriləcəyi gözlənilir. Görüş nəticəsində Daş
bazarının aqibətinə aydınlıq gətiriləcəyi ehtimal edilir”.
Moderator.az
saytı olaraq baş verən yenilikləri operativ olaraq oxucuların diqqətinə
çatdıracağıq.