Mütəllibovçular arasında son zamanlar sərt münasibətlər hökm sürür. Bir müddət əvvəl “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Ayaz Mütəllibova vəzifə verilməsi məsələsinə toxunmuşdu. Hacı Əbdül bildirmişdi ki, Ayaz Mütəllibov yaxşı iqtisadçıdır, ona vəzifə verilməsi müsbət addım olardı.
Həmin vaxt Ayaz Mütəllibovun köməkçisi Tofiq Əhmədov bildirmişdi ki, Ayaz Mütəllibovun adından danışmağa heç kimin ixtiyarı yoxdur və Ayaz Mütəllibov heç kimə vəzifə üçün müraciət etməyib.
Hacı Əbdül isə Tofiq Əhmədova sərt cavab vermişdi. “Bu adam, deyəsən, atdan yıxılıb, başı xarab olub. Sən kimsən ki, mənə danışmağa qadağa qoyursan,”- deyə Hacı Əbdül bildirmişdi.
Bu dəfə isə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə “Reytinq” qəzetinə müsahibəsində “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovu sərt tənqid edib . Araz Əlizadə deyib: “Hacı Əbdül heç vaxt Ayaz Mütəllibovun müdafiəçisi olmayıb. O, Mütəllibovdan nə isə uman bir adam olub. 1992-ci ildə Ali Sovetin qarşısında mitinq təşkil edənlərdən birincisi Hacı Əbdül idi. Mütəllibovun qayıtması üçün mitinq təşkil edirdi, eyni zamanda devrildikdən sonra Yaqub Məmmədov onu icra hakimiyyətinin başçısı təyin etmişdi. O da qoçu dəstəsiylə gedib hakimiyyəti ələ almışdı. İşdən çıxaranda müqavimət göstərdiyi üçün onu həbs elədilər, sonra da dedi ki, guya Mütəllibova görə həbs ediblər. O kimdir ki, yeni təşkilat yaradır? Onun savadına, əxlaqına baxın. O adam xəstədir. Zəhmət olmasa, mənə ağıllı adamlar haqqında sual verin”.
Deyilənlərə münasibət öyrənmək üçün Hacı Əbdüllə gün ərzində əlaqə yaratmaq mümkün olmayıb