Gündəmin əsas mövzularından olan sabiq millət vəkili Gültəkin Hacıbıylinin 9 yaşlı oğluyla bağlı Nəsimi Rayon Məhkəməsinin çıxartdığı və cəmiyyətdə birmənalı qarşılanmayan qərarıyla bağlı müxalifətdən olan deputatların münasibətini öyrənmişik.
Mövzuyla bağlı Moderator.az-a danışan millət vəkilləri Fazil Mustafa və İqbal Ağazadə baş vermiş olayı qınayan fikirlər səsləndirib.
Millət vəkili Fazil Mustafa bildirib ki, ilk gün məsələ fərqli formada cəmiyyətə çatdırıldığından münasibəti kəskin olub:
"Qanunvericiliyə görə, övlad anadan o zaman alınır ki, ana narkotik aludəçisi olur. Bu başqa hallarda yolverilməzdir. Belə hal yoxdur. Sadəcə müəyyən dərəcədə çətinləşdirci bir qəaradır. Uşağın hər gün görüşməsi onun özünün də iradəsinə ziddir. Bu məsələdə hakim fərqli qərar verməli idi. Bütün hallarda burada hansısa bir şəkildə siyasi yanaşma varsa, bu yanlışdır. Ailə, uşaq məsələsini siyasət predmentinə çevirmək doğru deyil. Uşağın hər gün faktiki olaraq, atasıyla getməsi onun özü üçün çətindir. Mən hesab edirəm ki, burada siyasi amil varsa, pis bir ənənənin başlanğıcıdır. Siyasi məsələyə, siyasi münasibətə görə uşağın taleyi ilə oynamaq yolverilməzdir".
İqbal Ağazadə də sözügedən məhkəmə qərarını ədalətsiz hesab edir: "Mətbuatda Gültəkin Hacıbəylinin övladının əlindən alınması kimi xəbərlər yayıldı. Amma məlum oldu ki, bu əslində belə deyil. Bununla belə məhkəmənin verdiyi qərar da yanlışdır. Əgər o atanın 9 ildir, övladından xəbəri yoxdursa, onun bu illər ərzində necə yaşamasını bilməyibsə, məhkəmənin belə qərarı şübhə yaradır".
Deputatın sözlərinə görə, bu Gültəkin Hacıbəylinin siyasi mövqeyi ilə bağlı olan bir qəradır: "9 ildən sonra ortalığa çıxmaq ki, "mən də varam", bu ən əzı əxlaq normalarına ziddir".