Bir olan Allah şahidimdir ki, Milli Şuranın yaradılmasına onun təsisçiləri qədər sevinmişəm və elə hesab etmişəm ki, illər uzunu ipə-sapa yatmayan iqtidar yersiz özündən müştəbehliyi bir kənara qoyaraq nəhayət 20 illik pərakəndəlikdən sonra qarşısında birləşmiş, güclü müxalifət görüb davranışlarında radikal korrektələr edəcək, cəmiyyətdə artıq kritik duruma gəlmiş antoqonist ziddiyyətlərin zəifləməsinə öz gecikmiş töhfəsini verəcək.
Ancaq bu qurumun 129 nəfərlik ilk tərkibinə baxandan sonra sevincim yerini pərtliyə verdi və öz-özümə deyindim ki, aman Allah, ordakıların az qala yarısı sözün həqiqi mənasında heç kimdirlər və onlar nə intellektləri, nə elektoratlarıyla nəzərəçarpacaq persona deyillər. Bir sözlə, bir ibrətamiz xalq məsəlində olduğu kimi, düşünmüşəm ki, ağası gülüm olanın başına külüm olar. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov haqqında da birmənalı fikir bildirməkdə çətinlik çəkirəm və onu bir vətənpərvər azərbaycanlı kimi qəbul etsəm də, “Oskar”lı kinodramaturqumuzu nə qədər özümüm zorlasam da milli xilsakar obrazında təsəvvür edə bilmirəm. Ancaq istənilən halda ikisinin sözü üst-üstə düşməyən, bir-birini yola verməyi, güzəştə getməyi bacarmayan siyasi liderlərin krizisdən çıxış yolu kimi məhz ona “stavka” etmələrinin də tarixi uğur olduğunu qeyd etməyi özümə borc bilirəm. Ancaq məni qayğılandıran bu tarixi uğurun seçkilərin nəticələrinə təsir edəcək gözlənilən həlledici qələbəyə aparacağına inamımın ötən hər gün azalmasıdır. Özü də belə bədbin qənaətə gəlməyimdə Rüstəm İbrahimbəyovun personası heç bir rol oynamır və gerçəkdən də Milli Şurada təmsil olunanların, eyni zamanda bu birliyə hüsn-rəğbət bəsləyənlərin oktyabr seçkilərindən pəjmürdə çıxacaqlarında kinodramaturqun əsla günahı olmayacaq. Hərçənd heç sonadək bəlli deyil ki, hakimiyyət Rüstəm müəllimin namizədliyini qeydə alacaqmı, min bir bəhanə gətirərək onun nə vaxtsa başqa ölkənin vətəndaşı olmasını, daimi olaraq ölkədə yaşamamasını əldə bayraq edərək müxalifəti oyundankənar vəziyyətə salmayacaqmı? Hər halda nəzəri baxımdan belə hesab etsək ki, hər şey müxalifətin istədiyi kimi olacaq və Rüstəm İbrahimbəyovun namizədliyinə heç bir süni əngəl yaradılmayacaq, yenə də mən elə günü bu gün tam əminliklə bəyan edirəm ki, müxalifət bu seçkiləri iqtidara uduzacaq. Ona da yüz faiz əminəm ki, bu yazıma görə məni nəinki qınamağa, hətta parçalamağa hazır olanlar da az deyil, ancaq bu ağzıgöyçəklərə məsləhət görərdim ki, səbrlərini basıb müəllifin nəyə əsaslanıb belə nəticəyə gəldiyini öyrəndikdən sonra mühakimə yürütsünlər.
Sınaqdan çıxmış bir danılmaz həqiqət var ki, siyasət idealistlərin naharı deyil və reallığa söykənərək obyektiiv nəticə çıxarmağı bacarmayanların aqibəti hər zaman acınacaqlı olub. Unutmaq olmaz ki, bütün günü qanunsuzluqlarını, ədalətsizliklərini eninə-uzununa qamçıladığımız, bəzən hətta rəqiblərinə qarşı ləyaqətsiz hərəkətlərə də getdiyini qınadığımız hakimiyyətin elə özü kimi yolverilməz davranış sərgiləmək uğursuzluğun təməlidir. Biz hansı haqla hakimiyyətdəkilərdən vicdanlı, ləyaqətli, qədirbilən, haqqı nahaqqa verməyən olduğumuzu iddia edirik? Bu iddiayla çıxış etməyə mənəvi haqqımız varmı? Axı ta qədimdən görə-görə gəlmişik ki, uğura, qələbəyə aparan hər əməlin təməlində mənəviyyat, vicdan və əxlaq dayanıb, əks halda ən qısa zamanda fiasko qaçılmaz olub. Ölməz Mahatma Qandi deyirdi ki, biz demokratik Hindistanı qeyri-demokratik yollarla qura bilmərik. İndi də başqalarına əxlaq, mənəviyyat dərsi keçənlərin böyük bir qismi öz qəbahətlərini anlayacaq qafadadırlarmı...?
Deyəsən oxucuları çox intizarda qoydum və nədən Milli Şuradakı bəzi əfəndilərə qarşı bu cür qəzəbli olduğumu izhar etməkdə xəsislik etdim. Dünən-bazar günü qondarma ittihamlarla artıq üçüncü həbs müddətini Kürdəxanı istintaq təcridxanasında yola verən Milli Şuranın ən parlaq üzvlərindən biri və milli azadlıq hərəkatının öncüllərindən olan Qurban Məmmədovun ailə üzvündən birinin yas mərasimi idi. Cənazəsini kürəkəni Qurban bəydən savayı götürəcək başqa bir kimsəsi olmayan Süsənbər arvadın 3 mərasiminə bilirsiniz Milli Şuranın neçə üzvü gəlmişdi, bəylər? 2-3 hüquqşünas dostlarını nəzərə almasaq Əli Kərimli və İbrahim İbrahimli xaric heç kim. Görəsən digər filankəslər harda idilər? Allah eşqinə, kimsə sudan quru çıxmaq üçün bəhanə axtarışına çıxmasın, heç özünüzü gülünc duruma da salmayın. Ancaq məncə heç olmasa “Milli Şura” deyilən həmin zaddan 40-50 nəfər gəlib yas mərasimini urvatlı və qələbəlik edə bilərdilər, bir mini kütləvi aksiya alınardı, insanlar da baxıb deyərdi ki, sən öləsən, bu Milli Şuradan nəsə çıxacaq. Görünən odur ki, heç nə çıxmayacaq, çünki oradakı çoxluq mənəviyyat dərsindən “2” almışlardı, belələriylə qələbə çalmaq olmaz, vallah, istəsən də olmaz...!