Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi ali təhsil haqqında diplomu olmayan 70-ə qədər şəxsi tutduğu vəzifədən azad edib.
Bu barədə Moderator.az-a özəl mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, işdən çıxarılan şəxslərin Prezident Adinistrasiyasına ünvanladığı şikayət də onların işə bərpası baxımından faydalı olmayıb:
“İşdən çıxarılan şəxslərin əksəriyyəti kənd icra hakimiyyətinin nümayəndəsi vəzifəsində çalışan şəxslərdir ki, bu insanlar sabiq icra başçısının zamanında müxtəlif yollarla bu vəzifələrə yol tapmışdı. Lakin Akif Səlimovun icra başçısı postuna gəlişindən sonra bu yöndə kütləvi təftiş prosesi başladı ki, nəticədə xeyli sayda insanın təhsili ilə vəzifəsi arasında ciddi uyğunsuzluq olduğu üzə çıxdı. Beləliklə də, 70-dən çox xırda məmur işdən azad edildi və onların yerinə ali təhsilli kadrlar gətirildi. İşdən azad edilən şəxslər baş verənlərlə bağlı əlaqədar dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına şikayət etsələr də, onların şikayətini araşdıran yetkililər şikayətçilərə icra başçısının doğru qərar verdiyini bildirib. Hazırda davam edən təftiş prosesi nəticəsində daha onlarla şəxsin işdən azad ediləcəyi gözlənilir”.
Şamil