Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun bu günlərdə qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müsahibəsini oxuyanda onun siyasi cəhətdən yetkin olmadığını bir daha yəqin etdim. Özünü Azərbaycan prezidentliyinə ən real namizəd hesab edən və xalqın adından əsassız yerə danışan Rüstəm müəllim çox təkəbbürlə söyləyir ki, ”Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlərlə sıx məşğul olsun (seçkilər nəzərdə tutulur). Ona görə də mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm.”
Başa düşmək olmur və təəccüblüdür ki, nəyə görə Rüstəm İbrahimbəyov hər kəlmə başı “mən-mən” deyir. Məgər ondan başqa seçki ilə məşğul olan yoxdurmu? Rüstəm müəllimin namizədliyini irəli sürən Milli Şura, bu qurumda toplaşan və hər biri özünü dünyanın siyasi lideri hesab edən, prezidentlikdən ötrü sino gedən insanlar nə işlə məşğuldurlar?
Digər tərəfdən prezident seçkiləri Amerika, Avropa. Rusiyada deyil, Azərbaycanda keçirilir və prezidenti də amerikalilar, avropalılar, rusiyalılar deyil Azərbaycan vətəndaşları seçəcəklər. Belə olan halda Rüstəm İbrahimbəyovun adları çəkilən bu ölkələrdə nə işi var və o, xaricilərlə hansı məsələləri həll edir? Nə üçün o, Azərbaycanda öz xalqının içərisində yox, xarici ölkələrdədi, əcnəbilərin arasındadır?
Bu sualı Rüstəm İbrahimbəyova verməyə hər bir azərbaycanlının hüququ var. Amma onun suallar qarşısında aciz qalacağına əminəm. Çünki R. İbrahimbəyov aldadılıb və gücündən qat-qat ağır olan bir yükün, xəyalına gətirə bilmədiyi bir vəzifənin altına girib. Ona görə də kəlməbaşı təntiyir, hər cümləsində, necə deyirlər, “xoruz buraxır”. Siyasətdə səriştəsizliyini və nəyə qadir olduğunu çilpaqlığı ilə büruzə verir.
Bir kinorejissor kimi insanlar arasında müəyyən hörmət qazanmış və bu hörməti siyasətə qoşulduqdan sonra yavaş-yavaş itirən Rüstəm müəllimin düşdüyü bugünki vəziyyət acınacaqlı və gülməlidir. Azərbaycanlı olduğu üçün onu bu vəziyyətdə görmək istəməzdim. Çünki hörmətdən çox nifrət qazandıran və gülünc doğuran siyasət və siyasətçi heç kimə lazım deyil. Siyasətdə səriştəsizlik isə Rüstəm İbrahimbəyov kimi siyasətçilərin başına bəladır. Biz bunun şahidiyik.