Sabiq YAP-çı deputat Sirus Təbrizli saytımıza verdiyi son açıqlamasında Milli Şurada təmsil olunan şəxslərin vaxtılə Elçibəyə etdikləri xəyanəti yaxın vaxtlarda Rüstəm İbrahimbəyova da edəcəklərini bəyan edib.
Məsələylə bağlı Moderator.az-ın sualını cavablandıran Müsavat Başqanının müavini Gülağa Aslanlı Siris Təbrizlinin mövqeyini bölüşməyib:
“ Elçibəyin ətrafında olanlar ona qarşı hər zaman sadiq olublar. Əbülfəz bəyin başına oyun gətirənlər Təbrizlinin təmsil olunduğu Yeni Azərbaycan Partiyası və onun qurucuları olub”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli də Sirus Təbrizlinin mövqeyi ilə razılaşmadı:
“Sirus Təbrizli mənim dostumdur. Vaxtılə Heydər Əliyev onun vasitəsi ilə məni Naxçıvana dəvət etmişdi. Həmçinin Heydər Əliyevin Bakıya qayıtması ilə bağlı sənədi Sirus Təbrizli və mən imzalamalı idik. Mən o imzadan və H.Əliyevlə əməkdaşlıqdan imtina etdim. Təəssüf hissi ilə qeyd edirəm ki, S.Təbrizlinin keçən bu 20 il ərzində davranış və psixologiyasında müəyyən dəyişikliklər olsa da, yanlışlıqları hələ də davam etməkdədir. 20 il öncə Heydər Əliyevi bir çox xarici qüvvələr dəstəkləyirdi, indiki iqtidar isə xaricdəki dayaqlarını demək olar ki, itirib. Artıq həmin dövr deyil, yeni siyasi mühit formalaşmaqdadır. Biz Rüstəm İbrahimbəyov seçimində səmimiyik və onun Azərbaycanı xilas edə biləcəyinə qətiyyən şübhəmiz yoxdur”.
Xəyal Əzizov