Uzun illərdir Türkiyədə yaşayan Məlahət Abbasova Azərbaycan telekanallarında yayımlanan filmlərin dublajlarını tənqid edib. Moderator.az-ın xəbərinə görə, İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan həmyerlimiz özünün Facebook profilində Azərbaycan telekanallarında filmlərin dublyajının qənaətbəxş olmadığını yazıb: “Mən bir şeyi başa düşmürəm. Bu gün boş vaxtım vardı. Uzun zamandan sonra Azərbaycan kanallarına baxmaq istədim. Amma... “Yahşi Cazibe” serialında “Cazibə Azərbaycan dilini məhv eləyir” deyib, ortalığı ayağa qaldıranlar Azərbaycan telekanallarındakı dublajlara heç qulaq asıblar? Rus şivəsi, bakılı şivəsi, rayon şivəsi... Hamısı bir-birinə qarışıb. Məncə, Cazibə onların hamısından daha yaxşı danışırdı”.
Türkiyənin ATV telekanalında nümayiş olunan “Yahşi Cazibe” serialında baş qəhrəman Aslıhan Gürbüz azərbaycanlı qızı oynayırdı.
Azərbaycan ictimaiyyəti aktrisanın serialda Azərbaycan dilində danışmasını tənqid etmişdilər.