Bir neçə gün öncə mətbuatı izlərkən gözüm xalq yazıçısı Çingiz Abdullayevin “Gömrük Komitəsinin sədri Aydın Əliyev qapıçımız idi” başlıqlı müsahibəsinə sataşdı. Düşündüm ki,r əhmətliyin oğlu, səndəmi qeybətə keçdin, bu qədər kitabların satılır və illeqal gəlirlərin bir yana, halalca qonorarlarını ömrünün sonunadək eninə-boyuna xərcləsən qurtarmaz, camaatın sərvətini “şotka”ya vurmaq sənəmi qalıb?
Nədənsə Aydın Əliyevin bir zamanlar kiminsə qapısında qapıçı, indi də ölkənin baş qapıçısı olduğunu xatırlayıb müsahibəni acgözlüklə oxudum. Sən demə, məsələ heç də düşündüyüm kimi deyilmiş və Aydın Əliyev heç zaman Abdullayevlər ailəsinin qapısında-bacasında boynubükük əmr gözləyən biçarə-zad olmayıb, söhbət futbol qapıçılığından gedirmiş. Kəsəsi, xalq yazıçısı indi nazir qoltuqlarında fələyə fələklik etmək həvəsində olan bir çox nazirlə vaxtilə məhlə uşağı olub və onlar yığışıb futbol oynayarkən həmişə qapıda Aydın Əliyev dayanarmış. Adamın qımışmağı gəlir vallah.
Görəsən illər öncə qapıda dayanıb zərbələri qaytarmaqla ad çıxarmış Aydın Əliyev həzrətlərinin nə zamansa ağlından keçərdimi ki, o vaxtlar adını belə eşitmədiyimiz gömrükdə birinci şəxs olacaq və ölkənin qapısının qorunması ona həvalə ediləcək? Mən onun yerinə and içərəm ki, baş gömrükçünün yatsa yuxusuna da girməzdi ki, illər sonra ölkənin giriş-cıxışına məhz özü nəzarət edəcək və bir neçə şəxsi çıxmaq şərtilə Azərbaycanın ixrac-idxal əməliyyatları aparan bütün biznes elitası heç olmasa bir dəfə onun olmayan bığlarının altından keçməli olacaq. Belə yerdə türk arkadaşlarımız yaxşı deyir ki, ağlına gəlməyən Aydın Əliyevin başına gəldi. İstər-istəməz müqayisə etmək zərurəti yaranır. Təbii ki, onun necə qapıçı olması barədə yenidən xalq yazıçısını dəng eləyərək sual vermək fikrindən uzağam. Təxmin edirəm ki, az-çox bacarığı varmış deyə komanda yoldaşları qapılarını ona etibar edirmişlər. Özü də futbolda belə bir məhşur deyim var ki, qapıçı komandanın yarısıdır. Amma iş burasındadır ki, gömrük komandanın-dövlətin yarısı yox, demək olar ki, hamısıdır və bazar iqtisadiyyatı qanunlarıyla idarə olunan ölkədə bunun nə demək olduğunu izah etməyə gərək yoxdur.
Deməli, əgər ölkənin baş qapısını etibarlı şəkildə qorudunsa dövlət ayaqda duracaq, yox əgər tamah güc gəldi və sayıqlığı itirdinsə vay sənin də halına, qapısını qoruya bilmədiyin dövlətin də... İndi mən öz-özümə sual edirəm ki, bir zamanların futbol qapıçısı olan Aydın Əliyevin bu günki qapıçılığına hansı qiymət düşür? Onu peşəkar, yoxsa həvəskar qapıçı hesab edək? Lənət şeytana, yadıma düşdü ki, “Lotu qaydası” başlıqlı ötən yazımı da gömrükdə baş veən rüsvayçılığa həsr etmişəm və bir şikayətçinin diliylə bu sistemin lotu qaydalarıyla idarə olunduğunu sübut etməyə çalışmışam. Ona görə də mənə qalsa Aydın Əliyevin indiki qapıçılığına “2” qiyməti vermək lazım, səbəbini uzun-uzadı izah etmək nəyə lazım...?